Mərkəzi Seçki Komissiyası fevralın 9-u səhər saat 8-də başlayan parlament seçkisi ilə bağlı ilk hesabatını açıqlayıb. Rəsmi məlumata görə, saat 10-a qədər ölkə üzrə 670 min 86 nəfər səs verib, seçici fəallığı 12,57 faiz olub.
Səsvermə saat 19-da başa çatacaq.
Milli Məclisə seçki 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. 5 milyon 329 min 460 nəfərin səsvermə hüququ var.
Seçkidə 1314 deputatlığa namizəd mübarizə aparır.
883 beynəlxalq müşahidəçi, 77 min 790 yerli müşahidəçi qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakıda, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs veriblər.
29 saylı dairədə 20 namizəd mübarizə aparır.
9 fevral seçkisinə 20 partiya qoşularaq Mərkəzi Seçki Komissiyasına səlahiyyətli nümayəndələr göndərib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.
Qanuna görə, seçkidə qələbə üçün nisbi səs çoxluğu tələb olunur.
Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması fevralın 12-dək bitməlidir. Mərkəzi Seçki Komissiyası fevralın 29-dək seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərməlidir.
Növbəti parlament seçkisi bu il noyabrın 1-də keçirilməli idi. Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq növbədənkənar parlament seçkisi təyin edib.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda indiyədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.