Fevralın 9-da keçiriləcək parlament seçkisinə 10 saylı Binəqədi dairəsindən qatılan siyasətçi, ictimai xadim Qorxmaz İbrahimli açıqlama yayıb. O deyir ki, yanvarın 17-dən təbliğat və təşviqat kampaniyası aparıb: “Startdan finişə necə gəlib çatdığımızı özümüz də bilmədik. Çünki hər günümüz seçicilərlə görüşlərdə keçdi. Məhəllə-məhəllə, qapı-qapı gəzib adamları inandırmağa və onların problemlərini dinləməyə çalışdıq. Vaxt azlığı üzündən görüşə bilmədiyimiz seçicilərlə mətbuat və sosial media vasitəsilə əlaqələr qurmağa çalışdıq”.
Namizədin sözlərinə görə, 10 saylı Binəqədi dairəsini əhatə edən ərazidə adamlar daha çox palçıqlı və asfaltsız yollardan, marşrut xətti keçməyən məkanlardan, kanalizasiya sisteminin bərbadlığından və digər problemlərdən gileylənir: “Bütün bunlar hökumət və yerli icra orqanları qarşısında qaldırılmalı məsələlərdir”.
Qorxmaz İbrahimli deputat seçiləcəyi təqdirdə sosial müavinətlərin, minimum əməkhaqqının, müəllimlərin maaşının artırılması, təhsil, sığorta, səhiyyə sistemindəki boşluqların aradan qaldırılması, pensiya yaşının aşağı salınması yönündə çalışacağını deyib. Uşaq pulunun bərpası da qaldıracağım məsələlər sırasındadır.
Hazırda bizim ekspert qrupu ibtidai təhsillə bağlı qanun layihəsi hazırlayır, dövlət başçısı səviyyəsində qaldırılacaq məsələdir və bunun reallaşmasına çalışacağıq”.
İbrahimli Qorxmaz Əbülfəz oğlu 1965-ci ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib. 1988-ci ildən xalq hərəkatının öncül şəxslərindən olub.
Tələbə ikən könüllü şəkildə təhsilini dayandırıb Qarabağ müharibəsinə qatılıb.
1992-1993-cü illərdə mühüm dövlət vəzifəsi tutub. Sonralar özəl sektorda çalışıb, eyni zamanda AXCP üzvü kimi siyasi fəaliyyət göstərib.
Bir neçə QHT-nin yaradıcısı və sədridir. Milli QHT Forumunun İdarə Heyətinin sədridir.
2008-ci ildə yaradılmış Aydınlar Partiyası sədrinin birinci müavinidir.
Seçicilərə müraciətində Qorxmaz İbrahimli deyir ki, olduqca gərgin çalışma tələb edən seçki kampaniyasında aldığı müsbət enerji, gördüyü doğmalıq və səmimiyyət bütün çətinliklərin öhdəsindən gəlməyinə kömək olub: “Sizlərlə birlikdə gələcəyə inam və sevinc ifadə etdik, həmrəy olduq. Susub oturmadıq, görüşdük, danışdıq, sizlərin yanında olduq, bir-birimizi qucaqladıq.
İndi sıra sizdədir, əziz seçicilər, dövlətimizin daha da güclənməsi üçün əl-ələ verib fevralın 9-da keçiriləcək parlament seçkisində iştirak edin. Başlatdığımız gözəl işləri növbəti 5 il ərzində davam etdirmək üçün sizlərin səsinə, dəstəyinə ehtiyacım var. Məntəqələrə gəlin və mənə səs verin”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə seçicilərə müraciətində bunları vurğulayır: “Öz səsinizin, problemlərinizin Milli Məclis səviyyəsində eşidilməsini istəyirsinizsə, Qorxmaz İbrahimliyə səs verin. Dairənizin ən fəal, ən layiqli namizədi Qorxmazdır. Sizləri ona dayaq olmağa çağırıram”.
10 saylı dairədə 11 namizəd yarışır.
125 dairədə keçiriləcək 9 fevral seçkisinin təşviqat raundu fevralın 8-də bitir.
Qanuna görə, seçkidə qələbə üçün nisbi səs çoxluğu tələb olunur.