“Resurs” Analitik İnformasiya Mərkəzi fevralın 9-na təyin olunmuş parlament seçkisi ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, fevralın 6-da keçirilən təqdimatda çıxış edən qurumun rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib ki, 19 siyasi partiya, 1 ittifaq və 2 blokun qatıldığı marafonda 2431 nəfər dairə seçki komissiyalarına müraciət edib, 1637 nəfərin namizədliyi qeydə alınıb, sonradan 300-dən çox şəxs namizədliyini geri götürüb.
Açıqlamaya əsasən, seçkidə 18-28 yaş arasında 82 namizəd, 29-39 yaş arasında 407 namizəd, 40-45 yaş arası 542 namizəd, 56-66 yaş arasında 251 namizəd, 67 yaşdan yuxarı 43 nəfər namizəd iştirak edir: “1998-ci ildə anadan olan 8 nəfər namizədin olması gənclərin seçkiyə inamını göstərir. Həmçinin 1938-ci il təvəllüdlü 2 nəfər namizədliyini irəli sürüb. Namizədlərin 299-u qadındır”.
Son məlumata görə, parlament seçkisində 1321 namizəd mübarizə aparacaq. 125 dairədə keçiriləcək seçkiyə 20 partiya qoşularaq Mərkəzi Seçki Komissiyasına səlahiyyətli nümayəndələr göndərib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.
Seçki təşviqatı fevralın 8-də bitəcək.
Qanuna görə, seçkidə qələbə üçün nisbi səs çoxluğu tələb olunur.
Növbəti parlament seçkisi bu il noyabrın 1-də keçirilməli idi. Ötən il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxaraq növbədənkənar parlament seçkisi təyin edib.
1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda indiyədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.