Fevralın 5-i Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı Zamin (Əlizamin) Salayevin 30 sutkalıq inzibati həbsindən şikayətinə baxılıb.
Salyanlı Zamin Salayevə 30 sutkalıq həbs cəzasını yanvarın 13-də Səbail Rayon Məhkəməsi çıxarıb. Həmin gün o, AXCP üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovla birgə tutulub. Nicat və Ceyhun xırda xuliqanlıq ittihamı ilə 50 manat məbləğində cərimələnib, Zamin Salayevi isə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək 30 sutkalıq həbsə göndəriblər.
Müdafiəçiləri bildirir ki, Zamin Salayev Salyan rayonunda polis kapitanı Həmzə Əzizovla mübahisə etdiyi üçün qəzəbə tuş gələrək həbs olunub. İddiaya görə, Zamin Salayev Həmzə Əzizovun qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb.
Azadliq.org-un məlumatına görə, fevralın 5-i Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəsatət qaldıran vəkil Cavad Cavadov Zamin Salayevlə birgə tutulmuş cəbhəçilərin dindirilməsini istəyib: “Onlar təsdiq edə bilər ki, yanvarın 13-ü kafedə nahar etdikləri vaxt polis onları tutub aparıb. Yəni Zamin Salayevin sərxoş vəziyyətdə intizamsız hərəkətlər etməsi, onu sakitləşdirməyə çalışan polislərə müqavimət göstərməsi yalandır”.
Vəkil Zamin Salayevin tutulduqdan sonra Səbail Rayon Polis İdarəsi və həmin idarənin 8-ci bölməsində işgəncəyə məruz qalması haqda şikayətini xatırladıb, vəsatət qaldıraraq deyib ki, şəxs işgəncədən şikayətlənirsə, məhkəmə mütləq bu məsələni araşdırmalı, məsələyə münasibət bildirməlidir.
Hakim vəsatətləri təmin etməyib.
Zamin Salayev çıxışında deyib ki, yanvarın 13-də məhkəmə qərarı çıxarılandan sonra onu 8-ci polis bölməsinə aparıblar, tualeti təmizlətdirib videoya çəkmək istəyiblər, bundan imtina edəndə döyüblər: “Əllərimi qandallayıb döyməyə başladılar. Rəis dedi ki, başını unitazın içinə soxun. Yerə yıxıb, üstümə çıxıb təpikləyirdilər. Bədənimə elektrik cərəyanı da verdilər.
Sonra məni Səbail Rayon Polis İdarəsinə apardılar. Orada da işgəncələr davam elədi. Əvvəlcə rəis məni nalayiq sözlərlə təhqir elədi. Sonra lüt soyundurdular, kamera qarşısında yeri təmizlətdirmək istədilər. İmtina elədim. Əllərim qandallı o qədər döydülər ki, qarnımda “qrıja” partladı”.
Zamin Salayev deyib ki, gecə Binəqədi rayonundakı inzibati həbs məntəqəsinə aparılıb, amma vəziyyəti ağır olduğu üçün məntəqə onu qəbul etməyib: “Kliniki Tibbi Mərkəzə apardılar. Həkimlər dedi ki, “qrıja” partlayıb, təcili əməliyyat olunmalıdır. Polislər imkan vermədi. İlkin tibbi yardım göstərəndən sonra geri qaytardılar”.
Hakim apellyasiya şikayətini təmin etməyib, Zamin Salayevin 30 sutkalıq inzibati həbsi barədə qərar qüvvədə saxlanıb.