“Əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir”. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda danışan prezident İlham Əliyev belə deyib.
Fevralın 3-ü Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən tədbiri açan dövlət başçısı qeyd edib ki, 2019-cu ildə iqtisadi sahədə yaxşı nəticələr əldə olunub: “Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, xoşagəlməz problemlərin həllində çox önəmli rol oynayır.
Adətən çox köklü iqtisadi və siyasi islahatlar böyük problemlər də gətirir. Yəni bir çox hallarda insanların həyat tərzinə mənfi təsir göstərir. Azərbaycanda isə islahatlar ardıcıl şəkildə aparılır. Bu, düşünülmüş siyasətdir. Sadəcə olaraq biz indi islahatların yeni mərhələsinə qədəm qoymuşuq. Ona görə həm iqtisadi sahədə, həm siyasi sahədə aparılan islahatlar xalqımızın, dövlətimizin maraqlarına xidmət edir.
Bütün bunlar bir daha onu göstərir ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir”.
İlham Əliyev 2019-cu ildə iqtisadiyyatın 2,2 faiz artdığını, qeyri-neft sektorunda 3,5 faiz yüksəlişin əldə olunduğunu vurğulayıb: “Sənaye istehsalı 1,5 faiz, bu sahədə qeyri-neft sektoru 14 faizdən çox artıb. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub.
Makroiqtisadi vəziyyət tam sabitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil edib, əhalinin gəlirləri isə 7,4 faiz artıb. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar çoxalıb. Bu ilin yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb.
Keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülüb. 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Eyni zamanda sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atılıb – 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib”.
İlham Əliyev yekun nitqində sahibkarlara hərtərəfli dəstək göstərildiyini vurğulayıb: “Sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var – dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri tam ödəsinlər. Vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin”.
Prezident kölgə iqtisadiyyatına qarşı mübarizədən söz açaraq deyib: “Burada iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxıb. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi.
Kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz”.