Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 30-u İsveçrənin Cenevrə şəhərində ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla yenidən görüşüb. ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutan görüş 4 saatdan çox çəkib.
Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan yanvarın 29-u eyni formatda 7 saat danışıq aparmışdılar. Nazirlərin yanvarın 28-i həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə ayrı-ayrılıqda görüşləri də olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi bildirir ki, Cenevrə görüşü son illər ərzində ən intensiv müzakirələrin aparıldığı görüş olub: “Tərəflər həmsədrlərin təqdim etdiyi gündəlik üzrə hərtərəfli müzakirələr aparıblar. Bu sırada 2019-cu il ərzində irəli sürülmüş təkliflər və əldə olunmuş razılıqların, xüsusilə iki ölkə əhalisinin sülhə hazırlanması üçün humanitar mübadilələrin həyata keçirilməsi; tənzimlənmənin əsasını təşkil edən prinsip və elementlər, xüsusilə də münaqişənin Helsinki Yekun Aktının prinsipləri və müddəaları əsasında həlli; münaqişənin həlli prosesinin daha da intensivləşdirilməsi məsələləri müzakirə olunub. Nazirlər yaxın zamanda yenidən görüşməyə razılaşıblar”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.