Dövlət Statistika Komitəsinin 2020-ci il yanvarın 1-nə olan hesabatına görə, məşğulluq xidməti orqanlarında 81,3 min nəfər işsiz kimi qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev AZƏRTAC-a müsahibəsində deyib ki, iş yerlərinin ləğvi və ya ixtisarı zamanı işsizlikdən sığorta ödənişi verilir: “İşsizlikdən sığorta ödənişi almaq üçün vətəndaşın azı üç il sığorta stajı olmalıdır. Son 24 ayın 12 ayından çox işləyən vətəndaş müavinəti işsizlikdən sığorta qanununa uyğun olaraq müvafiq hissələrlə ala bilər. Həmin vətəndaş 3 ildən 5 ilədək sığorta olduqda orta aylıq əməkhaqqının 50 faizini, 5 ildən 10 ilə sığorta olduqda 55 faizini, həmin müddətdən çox olduqda 60 faizini alır.
Vətəndaşın işlədiyi dövrdə azı 3 il əmək stajı olmalıdır və həmin şərt ödəndikdə sığorta ödənişi baş vermiş olur. İşlədiyi 24 ayın 12 ayından çox işləmiş olduqda ona tam sığorta ödənir. Həmin şəxsin 18 yaşına çatmamış övladları varsa, 20 faizi keçməmək şərti ilə hər uşaq üçün 5 faiz əlavə ödəniş nəzərdə tutulur. İşsizlikdən sığorta ödənişinin məbləği minimum əməkhaqqından, yəni 250 manatdan məbləğindən çox ola bilməz.
İşsizlikdən sığorta ödənişi baş verdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal həmin vətəndaşın mobil telefonuna SMS göndərir. Vətəndaşın mobil telefonu olmadıqda və ya SMS gəlmədikdə hər rayonda fəaliyyət göstərən məşğulluq mərkəzinə də müraciət etmək olar. Məşğulluq mərkəzinə üz tutan vətəndaşa sığorta hadisəsi ətraflı izah olunur və sığorta ödənişi növbəti ayın 1-dən ödənir.
2019-cu ildə sığorta hadisəsi baş verənlərin sayı 1700 nəfərdən çox olub və onlara 2 milyon manata yaxın sığorta ödənişi verilib”.