AXCP sədri Əli Kərimli Avropa qurumlarının Azərbaycandakı vəziyyətlə bağlı mövqeyindən yazıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 yanvar iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə hakimiyyətə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunur.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli qətnaməni şərh edərək yazır ki, ölkənin hüquq müdafiəçilərinin siyasi məhbus saydığı 130 nəfərə yaxın şəxsi Avropa Şurası da siyasi məhbus sayır və azad olunmalarını tələb edir: “AŞPA qətnaməsi siyasi məqsədlə həyata keçirilən inzibati həbsləri və işgəncə tətbiqini də pisləyir, onların da dərhal dayandırılmasını istəyir. Rejimin pulla ələ aldığı lobbi şəbəkəsinin çökdüyünü əyani şəkildə görürük”.
Özünün “Facebook” səhifəsində şərh yayan Əli Kərimli həmçinin fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə edən ATƏT missiyasının yanvarın 30-da yaydığı aralıq hesabata toxunur: “Hesabatdakı tezislərə görə, Azərbaycanda ədalətli demokratik seçkilərin keçirilməsinə mane olan ciddi problemlər, əsas hüquq və azadlıqların təmin olunmasına dair ciddi şübhələr var, buna görə də bir sıra müxalif qüvvələr seçkini boykot edib.
O da bildirilir ki, Azərbaycanda mediaya çıxış və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb; bir sıra namizədlər seçkidə iştirak etmək imkanından məhrum olub; ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya Komissiyasının sərbəst toplaşmaq və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı bir çox tövsiyəsi yerinə yetirilməyib.
Tezislərə əsasən, mövcud hüquqi baza azad seçkiqabağı təşviqatın keçirilməsini nəzərdə tutmur; toplaşmaq azadlığı pozulub, son icazəli siyasi mitinq 2019-cu ilin yanvar ayında olub; həmin il oktyabrın 19-u müxalifətin icazəsiz mitinqi dağıdılıb, bir çox müxalifət fəalı və liderlər həbə salınıb; hakimiyyət onu tənqid edənləri sistematik təqib edir və cinayət məsuliyyətinə alır; ATƏT-in media azadlığı üzrə nümayəndəsi mütəmadi olaraq jurnalistlərə qarşı cinayət ittihamları, habelə onların sərbəst və təhlükəsiz işləmək imkanları ilə bağlı narahatlığını ifadə edir; Avropa Şurasının məlumatına görə, beş jurnalist həbsdədir, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə məhkəmə qərarı olmadan veb-saytları bloklamaq hüququna malikdir”.