Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nda yenilik layihələri hazırlayıb. Yanvarın 30-da yayılan rəsmi məlumatda qeyd olunur ki, indiki qanunvericiliyə əsasən, ailə tərkibində baş vermiş dəyişiklik və bu barədə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur: “Yeni qanunvericilik layihələri həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Layihələrdə ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda bu barədə ailənin məlumat verməsi üçün müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması da yer alır.
Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc da (o cümlədən kredit) daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.
Yeni layihədə bu məhdudiyyət aradan qaldırılır, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.
Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların daxil edilməsi istənməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq”.