Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 yanvar iclasında Azərbaycandakı siyasi məhbuslarla bağlı qətnamə qəbul edilib. “Turan”ın məlumatına görə, sənədi 82 deputat dəstəkləyib, 28 nəfər onun əleyhinə səs verib.
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə islandiyalı məruzəçisi Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamədə Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunur.
Novator.az bildirir ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2009-cu ilin martında AŞPA almaniyalı deputat Kristofer Ştrasseri Azərbaycanda siyasi məhbuslarla məruzəçi təyin edib. Lakin o, vəzifəsini faktiki icra edə bilməyib. Kristofer Ştrasser Bakıya gəlmək üçün bir neçə dəfə Azərbaycan hökumətinə müraciət etsə də, dəvət almayıb. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat 2013-cü ildə AŞPA-da qəbul edilməyib. Bunun ardınca Kristofer Ştrasser postundan gedib.
2018-ci ilin iyun ayında Torhildur Sunna Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna gətirilib. O, ötən il sentyabrın 5-dən 7-dək Bakıda olub, siyasətçilər, hüquq müdafiəçiləri, media nümayəndələri, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin təmsilçiləri ilə görüşlər keçirib.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqaları) 110 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Siyahıda jurnalist və bloqçular (Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov), siyasi və ictimai fəallar (Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov), inanclı fəallar və başqaları yer alır.