Siyasi elmlər doktoru, Qarabağ müharibəsi veteranı, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Sabir Məmmədli “Ermənistan Respublikasının təcavüzünə, beynəlxalq erməni terrorizminə qarşı milli müharibə strategiyası” sənədi hazırlayıb. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, Ermənistanın təcavüzünə və beynəlxalq erməni terrorizminə qarşı müqavimətin optimal üsulu milli müharibə, Vətən müharibəsidir: “İndiki toqquşmalar milli strategiyaların toqquşmasıdır. Strategiya ona görə milli adlanır ki, onun bir sıra istiqamətlərində, müəyyən mərhələlərində bütün millət iştirak edir. Hansı strategiya daha mükəmməl, daha yaxşı və hərtərəfli hazırlanırsa, o da qalib gəlir.
Yalnız hərbi strategiya ilə kifayətlənmək, hərbi strategiyaya qapanmaq böyük uğur gətirə bilməz. Biz düşmənə qarşı müharibəni həm siyasətdə, həm iqtisadiyyatda, həm informasiya sahəsində, ideologiyada, etnodemoqrafik sahədə aparmalıyıq, hətta dini faktordan (düşmənə qarşı cihaddan) istifadə etməliyik. Mili müharibə doktrinasının əsas formulu Xalq-Dövlət-Ordu vəhdətinə nail olmaqdır.
Müasir müharibə intellektual müharibədir. Son dövrün müharibələrində hərbi birləşmələrin silahlı təması, birbaşa hərbi toqquşmalar çox qısa müddət ərzində baş verir, əsas yükü onun hazırlıq mərhələsi daşıyır. Xüsusi hərbi-strateji beyin mərkəzləri yaradılmalıdır.
Bizim üçün Qarabağ müharibəsinin ilkin mərhələsini siyasi müharibə təşkil edir. Xarici qüvvələr dövlətimizin idarəetmə sisteminə və siyasi qərarların qəbuletmə prosesinə açıq şəkildə nüfuz etmək imkanlarına malikdir və özlərinə geniş təsir dairələri yaradıblar. Odur ki, siyasi səhnədə düşmən ölkəyə və ona dəstək verək ölkələrə, ilk növbədə Rusiyaya xidmət göstərən dövlət məmurları, aşkar və qapalı agentlər dövlət idarəetmə sistemindən və ordu strukturlarından uzaqlaşdırılmalı, onlara qarşı müvafiq tədbirlər görülməlidir.
Milli müharibə strategiyasının ikinci istiqamətini təcavüzkarın izolyasiyası təşkil edir. Bir sıra ölkələrlə ciddi və etibarlı əlaqələr olsa da (Türkiyə, Pakistan və s.), Azərbaycan ilk növbədə ikitərəfli əlaqələr vasitəsilə öz tərəfdaşlarını artırmalıdır, o cümlədən BMT və ATƏT çərçivəsində. Ölkəmiz türk dövlətləri müstəvisində də stabil tərəfkeş qrupu yaratmalıdır.
Müasir hərbi-siyasi strategiyanın ən vacib istiqamətlərindən biri düşmənə qarşı informasiya müharibəsidir. İnformasiya müharibəsi düşmənin bütün informasiya sisteminə məqsədyönlü şəkildə açıq və qapalı təsirlərin həyata keçirilməsini və bunun nəticəsində bizim üçün əlverişli, hücumedici şəraitin yaradılmasını nəzərdə tutur. “İnformasiya bombaları” bir hədəfə vurmalıdır – düşmənin informasiya sisteminin boğulması və təsirsiz vəziyyətə salınması”.
Psixoloji müharibə, iqtisadi və maliyyə müharibəsi, kəşfiyyatların müharibəsini də vacib elementlər kimi göstərən Sabir Məmmədli qeyd edir ki, hərbi gücün tətbiqi qaçılmazdır, düşmən sülhə məcbur edilənə, məğlubiyyətini etiraf edənə qədər “hər yer müharibə, hər gün müharibə” situasiyası yaradılmalıdır.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.