“Fitch” beynəlxalq kredit agentliyi Azərbaycanın reytinqini yeniləyib. Novator.az bildirir ki, iqtisadçı Rövşən Ağayevin şərhinə görə, ölkənin reytinqi investisiya deyil, spekulyativ səviyyəyə uyğun – “BB+” səviyyəsində təsdiqlənib: “Agentliyin dördpilləli (A, B, C, D) dərəcələndirilməsində bu səviyyə “spekulyativ əlamətlərlə riskli öhdəliklər” kimi təsnifləndirilir. Qeyd edilir ki, ölkənin əlverişli xarici balansı və aşağı dövlət borcu güclü, təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin və bank sektorunun zəifliyi zəif tərəflərdir.
Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur. Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 4,2%-ə enməsinə səbəb olacaq. 2019-cu ildə bu rəqəm 6% ətrafında idi.
Xarici borcun ÜDM-ə nisbəti 18,9%-dir və bu, “BB” səviyyəsi üçün median (orta) həddən (38,4%) çox aşağıdır.
Dövlət zəmanəti ilə alınan və “şərti öhdəlik” hesab olunan borclar daha böyükdür və onların ÜDM-ə nisbəti 31%-dir. Bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50%-ə çatır.
Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələri ilə bağlıdır.
Dövlət borclarının 94%-i xarici valyutadadır və bu, “BB” səviyyəsi üçün median həddən (60,7%) yüksəkdir.
Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır. Azərbaycanda bu, 67,2%, “BB” səviyyəsi üçün median hədd 21,8% təşkil edir.
Ölkədə real iqtisadi artım (2%) “BB” səviyyəsi üçün median həddən (4%) iki dəfə aşağıdır.
Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33,7%, “BB” səviyyəsi üçün median hədd 47,7%-dir.
Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti 1,8% təşkil edir, bu da “BB” səviyyəsi üçün hazırkı median həddən (9,2%) əhəmiyyətli dərəcədə aşağıdır.
Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdəliklərinin nisbəti) ÜDM-də payı 79,5%-dir. “BB” səviyyəsi üçün median hədd 2,5% təşkil edir”.