Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 28-i İsveçrənin Cenevrə şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Xəbəri AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevaya istinadla yayıb. Detallar açıqlanmayıb.
Elmar Məmmədyarovun Cenevrədə ermənistanlı həmkarı Zöhrab Mnasakanyanla da bir araya gələcəyi bildirilir.
Ermənistanın baş naziri Nikol Paşinyan isə yanvarın 28-də Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib. Novator.az bildirir ki, rəsmi məlumata görə, baş nazir işğalçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla birgə Kəlbəcərdə ordu zabitləri üçün tikilmiş 32 mənzilli binanın açılışına qatılıb.
Yanvarın 28-i Ermənistanda ordunun yaradılmasının 28-ci ili qeyd olunub.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib. İşğalçı rejim keçmiş Şaumyan kənd rayonunun ərazisinə də iddia edir. Həmin rayon Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv olunub. 1992-ci ildə erməni silahlı birləşmələrindən tam qurtulmuş bu ərazi Goranboy rayonunun tərkib hissəsidir. İşğalçı rejimin dırnaqarası xəritəsində isə Şaumyan adlı rayon mövcuddur və ermənilər Kəlbəcər rayonunu onun tərkibinə qatıblar.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.