AXCP sədri Əli Kərimli ona ümumvətəndaş pasportu (xarici pasport) verməkdən imtina edən Daxili İşlər Nazirliyi ilə yeni məhkəmə çəkişməsi aparacaq. “Turan”ın məlumatına görə, Əli Kərimli bu dəfə Bakı İnzibati Məhkəməsinə üz tutub. Siyasətçi məhkəməyə müraciətində Daxili İşlər Nazirliyinin üzərinə ona pasport verilməsi öhdəliyinin qoyulmasını istəyir.
Prosesə cavabdeh kimi Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, üçüncü şəxs kimi Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da cəlb olunub.
Əli Kərimli 1965-ci ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.
1994-cü ildə Əli Kərimli bir müddət həbsdə yatıb. O, cibindən qumbara tapılması iddiası ilə cinayət məsuliyyətinə cəlb olunub. 1995-ci ildə həmin cinayət işinin icraatı dayandırılıb, amma xətm qərarı verilməyib.
1994-cü ildən sonra Əli Kərimli iki dəfə xarici pasport alıb. 2001-ci ildə aldığı pasportun 5 illik müddəti 2006-cı ildə başa çatandan bəri daxili işlər orqanları həmin qumbara işini əsas gətirib AXCP sədrinə pasport vermir.
Əli Kərimli əvvəllər bu iş üzrə məhkəmə çəkişmələri aparıb. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin yerli məhkəmələrin qərarlarından şikayətinə baxaraq onun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş hərəkət azadlığı hüququnun pozulmasını tanıyıb.