Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə əmr imzalayıb.
Əmrdə qeyd olunur ki, 2019-cu ilin dekabr ayında Çində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi korona virusu aşkar edilib və xəstəliyin qeydiyyatına başlanıb, hazırda xəstəlik Çində alovlanıb, həmçinin Tailand, Cənubi Koreya, Yaponiya və digər ölkələrə keçib.
Azərbaycanda profilaktik tədbirlərin gücləndirilməsi məqsədi daşıyan əmrdə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi tapşırıqları verilib.
Sənəddə zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması, xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da əksini tapıb.