AZƏRTAC prezident İlham Əliyevin Rusiyanın “Rossiya 24” televiziya kanalına yanvarın 20-si Davosda verdiyi müsahibənin mətnini yayıb.
İri neft ixracatçılarını birləşdirən OPEK və bir neçə qeyri-OPEK ölkəsinin neft hasilatını tənzimləməklə bağlı müntəzəm razılaşmalarına toxunan İlham Əliyev deyib ki, 2020-ci il üçün neftin qiymətinin dinamikasına proqnoz vermək çətindir: “Qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycanın büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Hər hansı fors-major vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq.
Üstəlik, “OPEK+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEK-ə daxil olmayan ölkələr də özlərini OPEK üzvləri kimi aparırlar. Buna görə də “OPEK+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və neftin ədalətli qiymətini müəyyənləşdirib.
“OPEK+” sazişinin müddətinin uzadılması məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyllər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var”.
OPEK və qeyri-OPEK ölkələrinin 2019-cu il dekabrın 6-da əldə etdiyi razılaşmada neft hasilatının 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvarından Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
“Rossiya 24”ə müsahibəsində İlham Əliyev onu da deyib ki, indi dünya çoxqütblü dünya kimi inkişaf edir: “Bir neçə güc mərkəzi var. Əvvəllər sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya reallıqdır. Düşünürəm ki, bu meyllər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.
İri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibi dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar”.