Bakı Apellyasiya Məhkəməsi Müsavat Divanının üzvü, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə prosesi başa çatdırıb. Novator.az-ın məlumatına görə, yanvarın 27-də keçirilən məhkəmə iclasında şikayətin təmin olunmamasına qərar verilib, Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il qərarı qüvvədə saxlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib.
2 ili sınaq müddəti olan şərti həbs cəzası Gəncə işi ilə bağlıdır.
2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada “Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
Cinayət Məcəlləsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətinin azı yarısı keçdikdən sonra öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.
Müsavat Partiyası fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində Mustafa Hacıbəylini 31 saylı Suraxanı seçki dairəsindən namizəd göstərib. Məhkumluğu olan şəxsin seçkiyə qatılması yasaqdır. Buna görə Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkumluğunun götürülməsini istəyib.
Binəqədi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə sorğusuna cavabında qeyd edib ki, 2 illik sınaq müddətinin yarısı keçmədiyi üçün məhkumluğun götürülməsi barədə qərar qəbul edilə bilməz. Dövlət ittihamçısı da eyni arqumenti gətirərək məhkumluğun götürülməsinə qarşı çıxıb və Binəqədi Rayon Məhkəməsi Mustafa Hacıbəylinin məhkumluğunu saxlamağa qərar verib.
Mustafa Hacıbəyli bu qərardan şikayətçi idi, məhkumluğunun götürülməsini istəyi ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutmuşdu.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. “Basta” saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının Mətbuat və İnformasiya Departamentinin rəhbəridir.