Dövlət Statistika Komitəsi ətraf mühit hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2020-ci ilin əvvəlinə Azərbaycanda ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı olub, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edib.
Qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2019-cu ildə 1486 müəssisədə müayinələr aparıb, su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,8 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 45,8 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə müayinəyə cəlb olunmuş müəssisələrin 37,9 faizində atılan tullantıların icazə verilən həddi keçdiyi üzə çıxıb.
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 868 nəfər vəzifəli şəxs və vətəndaşlardan 955 min manat məbləğində cərimə tutulub.