84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Yusif Ağayevin Qarabağda döyüşdə və yaralı vəziyyətdə hospitalda olduğu anların videosu yayılıb.
Yusif Ağayev Qarabağ qazisi, II qrup əlildir. O, 1991-1992-ci illərdə Baş Prokurorluğun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi, 1992-1996-cı illərdə isə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru olub. Ədliyyə müşaviridir.
Prokuror vəzifəsində çalışa-çalışa silaha sarılıb döyüşə atılan Yusif Ağayev 1992-ci ildə Füzuli, 1993-cü ildə Ağdam istiqamətində ağır yaralanıb.
Sözügedən videonu AzTV-nin əməkdaşı, telejurnalist Ədil Arifoğlu 1993-cü ildə lentə alıb. Videoda öncə hərbi prokuror Yusif Ağayevdən Ağdamda götürülmüş müsahibə təqdim edilir. Daha sonra aydın olur ki, veriliş efirə gedənədək Yusif Ağayev artıq yaralanıb. Bu səbəbdən verilişə Yusif Ağayevin yaralı vəziyyətdə olduğunu əks etdirən, Ağdamın Əfətli-Qaradağlı hospitalında lentə alınmış kadrlar da əlavə olunub.
Yusif Ağayevlə müsahibəni videonun 2:15-2:43-cü dəqiqələrində, onun hospitalda olduğu anları isə 2:44-2:53-cü dəqiqələrində görmək olar.
Düşmən mərmisinin qolundan, kürəyindən, ayağından yaraladığı Yusif Ağayev bir müddət sonra ayağa qalxıb, Qarabağ Qarnizonunun hərbi prokuroru kimi fəaliyyətini davam etdirib. 1996-2003-cü illərdə isə o, Tərtər rayonunun prokuroru olub. 2006-2009-cu illərdə Bakıda beynəlxalq təşkilatların birində baş hüquqşünas işləyib.
Hazırda təqaüdçü olan Yusif Ağayev həm də hərb tarixçisidir. O, türk, qazax, rus və ingilis dillərini bilir. Azərbaycanın hərb tarixi üzrə dörd kitabın, çoxsaylı məqalələrin müəllifi və həmmüəllifidir.
2020-ci ilin fevral ayının 9-da keçiriləcək parlament seçkisində 84 saylı Füzuli seçki dairəsindən Yusif Ağayevin namizədliyini seçicilərin təşəbbüs qrupu irəli sürüb. Yusif Ağayev partiya üzvü deyil, o, seçkiyə bitərəf namizəd kimi qatılıb.
Ağayev Yusif Şükür oğlu əslən Füzuli rayonundandır. O, 1963-cü ildə Bakıda doğulub. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1985-1987-ci illərdə Qazaxıstanın Quryev vilayətində vəkil, 1987-1991-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləyib.
Qarabağ müharibəsində aldığı xəsarətlərdən Yusif Ağayev kürək sümüyünün bir hissəsini itirib. Düşmən mərmisinin bir qəlpəsi isə hələ də onun bədənində qalır. Bugünlərdə sosial şəbəkədə həmin qəlpənin rentgeni də yayılıb.
Yeri gəlmişkən, “Youtube” kanalında Yusif Ağayevin Füzuli istiqamətində döyüşdə olduğu anları əks etdirən video da var. 1992-ci ildə çəkilmiş həmin videonun 1:36-1:42 və 2:04-2:12-ci dəqiqələrində Yusif Ağayevi görmək mümkündür.