General-mayor Qabil Məmmədov özünün “Facebook” səhifəsində müraciət yayıb.
Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılıb, namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib, bunu belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.
Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.
Yanvarın 9-da generalın şikayətinə baxan MSK bu sübutu qəbul edib. Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.
Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda 439 edir. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib.
MSK-nın qərarını əsassız sayan general bu qərarın ləğv edilməsi və deputatlığa namizədliyinin qeydə alınması üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Əvvəlcə məhkəmə şikayətə baxmaqdan imtina edib. İmtina belə izah olunub ki, Qabil Məmmədov namizədliyini Lənkərandan verdiyi üçün şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılmalıdır. General-mayor bununla razılaşmayıb, o bildirib ki, məhkəməyə dairə seçki komissiyasının yox, Mərkəzi Seçki Komissiyasının qərarından şikayət edib, MSK isə Bakıda yerləşir.
MSK-dan verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmasına razılıq almaq üçün Qabil Məmmədov Ali Məhkəməyə üz tutub. Yanvarın 17-də Ali Məhkəmə generalın istəyini təmin edib, onun MSK-dan şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmalı olduğu haqda qərar çıxarıb.
Yanvarın 22-də şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi MSK-nın general-mayor Qabil Məmmədovun deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərarını qüvvədə saxlayıb.
Qabil Məmmədov apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcəyini açıqlayıb. O , “Facebook”da yazır ki, namizədliyinin qeydə alınmaması hökuməti gözdən salmağa çalışanların sifarişi əsasında həyata keçirilir: “Çünki düşmənlərimizə və onlara işləyən milli xainlərə vətənini, xalqını, dövlətini sevən, Qarabağın azad olunmasını istəyən və onun uğrunda ölməyə hazır olan qardaş və bacılarımızın deputat seçilməsi sərf etmir”.
General namizədliyinin əngəlləməsində iştirak edən və bu işdə maraqlı olanlar siyahısında 73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasının sədrini, Lənkəranın polis rəisini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şöbəsinin rəisini, Lənkəran Rayon Prokurorluğunu, Lənkəranın icra başçısını, MSK-nı, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Mirzə Tağızadə və Vüqar Həsənovu, 73 saylı dairədən deputat və namizəd Rüfət Quliyevi göstərir və yazır: “Dünyada və Azərbaycanda böyük dəyişikliklər gedir. Prezidentimizin hər bir sahədə start verdiyi islahatlar fonunda, Milli Məclisə seçki dövründə xalqa və dövlətə qənim kəsilmişlərin planlı yaramazlığını təsadüf saymaq olmaz. Bunun bir adı var – Vətənə və Dövlətə xəyanət; aparılan islahatlara kökündən zərbə vurmaq; əhalidə seçkiyə və onun mahiyyətinə inamı qırmaq: dünya ictimaiyyəti qarşısında Azərbaycanı biabır etmək; daxili sabitliyi pozmağa yönəlmiş cəhd.
Mən dayanmaq fikrində deyiləm və öz mübarizəmi hüquqi müstəvidə davam etdirmək məqsədilə Ali Məhkəməyə şikayət edəcəyəm. Ümidvaram ki, hamımızın hüquqlarının təminatçısı olan dövlət rəhbərimiz İlham Əliyev baş verənlərə qarşı ciddi ölçü götürərək bütün günahkarların cəzalandırılması, Ali Məhkəmədə haqq-ədalətin təmin olunması üçün müvafiq göstəriş və sərəncamlarını verəcək”.
Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Sovet Ordusunun zabiti kimi Qazaxıstanda (1986-1987-ci illər), Əfqanıstanda (1987-1988-ci illər), Tacikistanda (1988-1989-cu illər), Almaniyada (1989-1992-ci illər) hərbi qulluq keçib.
1992-1995-ci illərdə Moskvada Hərbi Akademiya təhsili alıb.
1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub.
2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb.
2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.
“Azərbaycan Bayrağı” ordeni kavaleridir.
General niyə namizəd ola bilmədi?
Ali Məhkəmə generalın şikayətini təmin etdi
Məhkəmə də generalın deputatlığa namizəd olmasına imkan vermir