Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayıb. Qeyd olunur ki, AXCP Salyan şöbəsinin fəalı Əlizamin Salayev Səbail Rayon Polis İdarəsində və həmin idarənin 8-ci bölməsində ağır işgəncələrə məruz qalıb: “Yanvarın 13-də Bakının Səbail rayonunda dostları ilə birgə nahar edərkən tutulan və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilən Əlizamin Salayevi 8-ci polis bölməsinə aparıb orada vəhşicəsinə döyüblər. Bölmə rəisinin iştirakı ilə polislər onu şəxsiyyətini alçaldan hərəkətə məcbur etmək istəyiblər, istəkləri yerinə yetirilməyəndə qolları qandallı yerə yıxaraq təpikləyiblər.
Daha sonra fəalı Səbail Rayon Polis İdarəsinə apararaq orada da amansız işgəncəyə məruz qoyublar. Onu əvvəlcə idarə rəisi söyüb və döyüb, sonra zirzəmiyə apararaq “sındırmağı” tapşırıb. Polis əməkdaşları Əlizamin Salayevi idarənin zirzəmisində şəxsiyyəti alçaldan hərəkətə və dəhşətli işgəncələrə məruz qoyublar. İşgəncələrin nəticəsində Əlizamin Salayev çoxsaylı xəsarətlər alıb, onun qarın boşluğunda yırtıq əmələ gəlib.
İşgəncələrdən Əlizamin Salayevin vəziyyəti elə ağırlaşıb ki, polislər onu xəstəxanaya aparmalı olublar. Həkimlər onun qarın boşluğunda yırtıq əmələ gəldiyini və təcili cərrahi əməliyyata ehtiyac olduğunu bildiriblər. Lakin polislər onun əməliyyata alınmasına imkan verməyib, ilkin tibbi yardımla kifayətlənməyi tələb ediblər. Əlizamin Salayev ağır vəziyyətdə Binəqədi rayonundakı inzibati həbs məntəqəsinə yerləşdirilib”.
Bəyanata görə, Əlizamin Salayev ictimai maraqları müdafiə etdiyi üçün polisin qəzəbinə gəlib: “O, Salyan Rayon Polis Şöbəsinin kapitanı Həmzə Əzizovun qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra polis orqanları ona təzyiq etməyə başlayıb. Kapitan Əzizov onu cəzalandıracağı ilə hədələyib.
13 yanvar 2020-ci ildə Əlizamin Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlib və burada həbs olunub”.
Milli Şura qeyd edir ki, Əlizamin Salayevin başına gətirilənlər vətəndaşa qarşı inzibati terrorun daha bir nümunəsi, növbəti dövləti cinayətdir, bu cinayəti törədənlər dərhal cəzalandırılmalıdır.
2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatından Rövşən Əhmədli, sabiq deputatlar İbrahim İbrahimli, Gültəkin Hacıbəyli, hüquqşünaslar Namizəd Səfərov, Vidadi Mirkamal, Fuad Ağayev, ssenarist, kinodramaturq Eldəniz Quliyev və başqaları təmsil olunur.