Davos Dünya İqtisadi Forumuna qatılan prezident İlham Əliyev yanvarın 22-də “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. AZƏRTAC xəbər verir ki, panelin moderatorunun “Avrasiyada böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə” sualını dövlət başçısı belə cavablandırıb: “Bakıya… Bizim qonşularımıza münasibətdə siyasətimiz mehribandır, lakin eyni zamanda milli maraqlarımız həmişə birinci yerdədir. Müstəqillik illərində əldə etdiyimiz bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyimizə görə əldə olunub. Bizim nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində də öz əksini tapıb. İnfrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə gəldikdə, biz dünyada iyirmi yeddinci yerdə qərarlaşmışıq”.
İlham Əliyev Azərbaycan hökumətindəki dəyişikliklərə toxunaraq deyib: “Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunub. İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda çox böyük dəyişikliklərə məruz qalmış Prezident Administrasiyasına da gətirilib. Gələn ay bizdə erkən parlament seçkisi keçiriləcək. Bu seçkinin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkidən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq”.
Prezident qeyd edib ki, Azərbaycan hakimiyyəti əvvəllər əsasən infrastruktur layihələrinə sərmayə yatırıb: “Davos Forumuna əsasən, Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq.
Biz yoxsulluğu bugünkü səviyyədə – 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. İnflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.
Həmin gün İlham Əliyev Davosda Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa, Polşa prezidenti Anjey Duda, İsveçrə prezidenti Simonetta Sommaruqa, Gürcüstanın baş naziri Georgi Qaxariya, “SUEZ Group”un baş icraçı direktoru Bertran Kamus, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşlər də keçirib.