Müsavat Partiyasının başqanı Arif Hacılı hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini seçki debatına çağırır. Novator.az-ın məlumatına görə, Arif Hacılı yanvarın 23-də özünün “Facebook” səhifəsində yazıb ki, fevralın 9-da keçiriləcək parlament seçkisinin iştirakçıları pulsuz efir vaxtından məhrumdur, amma debatların başqa yolu da var. Yeni Azərbaycan Partiyasının rəhbərləri Əli Əhmədova (partiya sədrinin müavini-icra katibi) və Siyavuş Novruzova (icra katibinin müavini) səslənərək onları Azərbaycanın istənilən televiziya kanalının və ya istənilən internet televiziyasının efirində canlı yayımda debata çağıran Arif Hacılı qeyd edib ki, debat üçün televiziya kanalını və aparıcını YAP rəhbərliyinin seçməsinə razıdır.
Mərkəzi Seçki Komissiyasının son hesabatına görə, 9 fevral seçkisində 1500-dən çox namizəd var.
Müsavat Partiyasının 60 seçki dairəsində 64 namizədi qeydə alınıb. Dörd dairədə eyni vaxtda iki müsavatçı mübarizə aparır.
Başqan Arif Hacılı seçki yarışına 15 saylı Yasamal dairəsindən qatılıb.
Parlament seçkisi 125 dairə üzrə keçirilir. Seçki Məcəlləsinə görə, azı 61 dairədə namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılmalıdır. Mərkəzi Seçki Komissiyasının qərarı ilə ödənişsiz efir vaxtı İctimai Teleradioda, dərc üçün yer “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində nəzərdə tutulub.
Yalnız prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının 60-dan çox dairədə namizədi var. Amma 123 dairədə namizədi olan partiya təkbaşına təşviqat aparmaq istəmədiyi üçün ödənişsiz efir vaxtından və dərc üçün yerdən imtina edib.
9 fevral seçkisinə Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası da qoşulub.
Təşviqat raundu yanvarın 17-də başlayıb.
Ödənişli təşviqatda teleradio qurumlarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti yer alır.
Qəzetlərin siyahısında bu nəşrlər var: “525-ci qəzet”, “Ana Kür”, “Azərbaycan”, “Cənub xəbərləri”, “Cümhuriyət”, “Həftə içi”, “İki sahil”, “Şərq”, “Səs”.
APA qrupuna daxil olan media orqanları, “Trend” və “Səs” agentlikləri, “Yeni Müsavat” Media Qrupu da ödənişli təşviqatda iştirak edəcək.
Saytlar belə sıralanır: 1news.az, Aktual.az, Azedu.az, Azxeber.com, Azpolitika.info, Azvision.az, Baku.news, Bakupost.az, Bizimyol.info, Cebhe.info, Demokrat.az, Editor.az, Fins.az, “Gündəlik Teleqraf”, Xeberle.com, “İnterpress”, İstiqlal.az, Qafqazinfo.az, Media.az, Mediapost.az, Modern.az, Oxu.az, “Poliqon”, Report.az, Veteninfo.az, “Yeni Çağ”.