İsveçrənin Davos şəhərinə səfərini davam etdirən prezident İlham Əliyev yanvarın 21-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Davos İqtisadi Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulanıb, ölkədə Dünya İqtisadi Forumunun regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.
Həmin gün İlham Əliyev “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda iclasda iştirak edib. İclasda Avrasiyada ticarət, energetika, nəqliyyat sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, dördüncü sənaye inqilabının region üçün əhəmiyyəti vurğulanıb.
Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının birgə işlənməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.
Dövlət başçısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Pakistanın baş naziri İmran Xan, Xorvatiyanın baş naziri Andrey Plenkoviç, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolatla da bir araya gəlib.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo prezidentlə görüşündə onun Dünya İqtisadi Forumundakı beş il əvvəlki çıxışını xatırladıb: “Siz OPEK-ə üzv olan bütün ölkələrin və OPEK-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü. Biz ən pis vəziyyətin şahidi idik. Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq.
Tarixdə ilk dəfə idi bu baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq”.