Bakı Apellyasiya Məhkəməsi general-mayor Qabil Məmmədovun şikayətini təmin etməyib.
Şikayət Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından verilmişdi.
Novator.az bildirir ki, Azərbaycan Ordusunun birləşmə komandanı olmuş Qabil Məmmədov öz təşəbbüsü ilə fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılıb. O, namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib. Dairə komissiyası bunu belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.
Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.
Yanvarın 9-da generalın şikayətinə baxan MSK bu sübutu qəbul edib. MSK qərara gəlib ki, Qabil Məmmədov həqiqətən də dairə seçki komissiyasına öz əmlakı barədə düzgün məlumat veribmiş.
Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.
Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda isə 439 edir. Beləliklə, Qabil Məmmədov üçün toplanmış imzalardan etibarsız hesab edilən imzalar çıxılanda qalan imzalar onun namizədliyinin qeydə alınmasına çatmır. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib.
MSK-nın qərarını əsassız sayan general bu qərarın ləğv edilməsi və deputatlığa namizədliyinin qeydə alınması üçün Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Əvvəlcə məhkəmə şikayətə baxmaqdan imtina edib. İmtina belə izah olunub ki, Qabil Məmmədov namizədliyini Lənkərandan verdiyi üçün şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılmalıdır. General-mayor isə bununla razılaşmayıb, o bildirib ki, məhkəməyə dairə seçki komissiyasının yox, Mərkəzi Seçki Komissiyasının qərarından şikayət edib, MSK isə Bakıda yerləşir.
MSK-dan verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmasına razılıq almaq üçün Qabil Məmmədov Ali Məhkəməyə üz tutub. Yanvarın 17-də Ali Məhkəmə generalın istəyini təmin edib, onun MSK-dan şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmalı olduğu haqda qərar çıxarıb.
Yanvarın 22-də şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi MSK-nın general-mayor Qabil Məmmədovun deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərarını qüvvədə saxlayıb.
Qabil Məmmədov Novator.az-a bildirib ki, apellyasiya instansiyasının qərarından Ali Məhkəməyə şikayət edəcək.
Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Sovet Ordusunun zabiti kimi Qazaxıstanda (1986-1987-ci illər), Əfqanıstanda (1987-1988-ci illər), Tacikistanda (1988-1989-cu illər), Almaniyada (1989-1992-ci illər) hərbi qulluq keçib.
1992-1995-ci illərdə Moskvada Hərbi Akademiya təhsili alıb.
1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub.
2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb.
2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.
“Azərbaycan Bayrağı” ordeni kavaleridir.