Daxili İşlər Nazirliyinin paytaxtda Binəqədi rayonunda yerləşən inzibati həbs məntəqəsində saxlanan AXCP üzvü Əlizamin Salayevə işgəncə verildiyi iddia olunur.
AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev yanvarın 13-də 30 sutkalıq həbs cəzası alıb. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb. Əlizamin Salayev həmin gün Səbail rayonundakı kafelərin birində tutulub. Onu polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək 30 sutkalıq həbsə göndəriblər.
Müdafiəçiləri bildirir ki, Əlizamin Salayev Salyan rayonunda polis kapitanı Həmzə Əzizovla mübahisə etdiyi üçün qəzəbə tuş gələrək həbs olunub.
Yanvarın 22-də AXCP sədri Əli Kərimli özünün “Facebook” səhifəsində Əlizamin Salayevin tutulduğu gün – yanvarın 13-də Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsində döyüldüyünü, işgəncə prosesinin videoya çəkildiyini yazıb: “Əlizamin bəy polis bölməsində elə döyülüb ki, hətta Binəqədidəki inzibati həbs məntəqəsində onu qəbul etməyiblər. Polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada həkimlər bildirib ki, Əlizamin Salayevi tibbi əməliyyat etmək lazımdır. Lakin Əlizamin bəyi ora aparmış polis buna imkan verməyib və bildirib ki, ilkin tibbi yardım göstərilsə kifayətdir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Əlizamin Salayevin polis bölməsində döyülməsi haqda iddiaları təkzib edib.
Vəkil Cavad Cavadov yanvarın 22-də Əlizamin Salayevə baş çəkib. O, “Turan”a açıqlamasında deyib ki, Əlizamin Salayevin səhhətində problemlər var və bununla bağlı müvafiq orqanlara müraciət edilib.
Novator.az bildirir ki, Əlizamin Salayev 2019-cu ildə dörd dəfə inzibati həbs cəzası alıb. Ona yanvarda 25 sutkalıq, fevralda, mayda və oktyabrda 15 sutkalıq cəzalar kəsilib.