Fevralın 9-na təyin olunmuş parlament seçkisinin təşviqat raundu başlayıb. Bu mərhələ yanvarın 17-dən fevralın 8-dək davam edəcək.
Novator.az bildirir ki, ödənişli təşviqatda teleradio qurumlarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti yer alır.
Qəzetlərin siyahısında bu nəşrlər var: “525-ci qəzet”, “Ana Kür”, “Azərbaycan”, “Cənub xəbərləri”, “Cümhuriyət”, “Həftə içi”, “İki sahil”, “Şərq”, “Səs”.
APA qrupuna daxil olan media orqanları, “Trend” və “Səs” agentlikləri, “Yeni Müsavat” Media Qrupu da ödənişli təşviqatda iştirak edəcək.
Saytlar belə sıralanır: 1news.az, Aktual.az, Azedu.az, Azxeber.com, Azpolitika.info, Azvision.az, Baku.news, Bakupost.az, Bizimyol.info, Cebhe.info, Demokrat.az, Editor.az, Fins.az, “Gündəlik Teleqraf”, Xeberle.com, “İnterpress”, İstiqlal.az, Qafqazinfo.az, Media.az, Mediapost.az, Modern.az, Oxu.az, “Poliqon”, Report.az, Veteninfo.az, “Yeni Çağ”.
Şəhər və rayonlarda təşviqat görüşü üçün 118 seçki dairəsi üzrə 128 açıq, 128 qapalı yer müəyyən edilib (Siyahı). Naxçıvan Muxtar Respublikasındakı açıq və qapalı yerlər bölgənin öz mediasında dərc olunub.
Mərkəzi Seçki Komissiyasının 16 yanvar hesabatına görə, parlament seçkisinə qatılan iddiaçıların 1534-ü rəsmən qeydə alınıb (Namizədlərin qeydiyyatı).
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.
9 fevral seçkisində iştirak edən 20 partiya Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələrini rəsmiləşdirib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.
Növbəti parlament seçkisi bu il noyabrın 1-də keçirilməli idi. Ötən il noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və növbədənkənar parlament seçkisi təyin edib.