“Elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun”. Prezident İlham Əliyev yanvarın 15-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşündə belə deyib.
Nazir qeyd edib ki, Azərbaycanda 1500 “London taksisi” fəaliyyət göstərir: “Bizim nazirliyin tabeliyində 1200 “London taksisi” var. Sizin tapşırığınızla yeni, müasir standartlara cavab verən 100 “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilər yanacaqla deyil, elektriklə işləyir, müasir standartlara tam şəkildə cavab verir”.
Ramin Quluzadə regionlarda taksi xidməti sahəsinə daha çox diqqət yetirməyin vacibliyini vurğulayıb: “Regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də iş aparırıq”.
İlham Əliyev taksi xidməti məsələsini ciddi təhlil etməyi tapşırıb: “Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Bu sahədə də nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni təkcə Bakıda yox, ilk növbədə bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.
Bu, avtobus nəqliyyatına da aiddir. Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə, ilk növbədə paytaxt Bakıda bu məsələ həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır”.
Şəhərlərarası nəqliyyat məsələsinə toxunan nazir deyib ki, bir ay öncə şəhərlərarası gecə reysləri istifadəyə verilib: “Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq”.
İlham Əliyev yolların keyfiyyəti artdıqca şəhərlərarası marşrutların yeni avtobuslarla təmin edildiyini bildirib: “Əlbəttə, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri – bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Özəl şirkətlərə dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər”.
Novator.az bildirir ki, 1977-ci il təvəllüdlü Ramin Quluzadə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib.
2015-ci il noyabrın 25-də rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub, həmçinin nazir vəzifəsini icra edib. 2016-cı il yanvarın 15-də rabitə və yüksək texnologiyalar naziri təyin olunub. 2017-ci il fevralın 13-dən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.