Əli Kərimli
AXCP sədri
Azərbaycanda əbədi hakimiyyət həvəsində olanlara bəd xəbər bu dəfə Rusiyanın özündən gəldi. Nəhayət, Rusiyada da avtoritarlıq dövrü başa çatacaq. Rusiya prezidenti yanvarın 15-də mühüm konstitusiya dəyişiklikləri paketi ilə çıxış edib. Nəzərdə tutulan dəyişikliklərə görə, prezidentin səlahiyyətlərinin bir qismi Dövlət Dumasına, bir qismi Federasiya Şurasına, daha bir qismi baş nazirə veriləcək. Dövlət Duması baş naziri seçəcək və hökumətin tərkibini formalaşdıracaq. Prezidentin həmin şəxsləri təyin etməsi tam formal prosedur olacaq.
Hüquq mühafizə orqanları rəhbərlərini isə prezident yalnız Federasiya Şurasının razılığı ilə təyin edəcək.
Rusiya regionlarının başçılarının da səlahiyyəti artırılacaq.
Bir nəfər iki dəfədən artıq prezident seçilə bilməyəcək.
Beləliklə, Rusiya qarışıq idarəetmə sistemini seçmiş olacaq. Prezident hələ də qalacaq və parlamentar sistem üçün xeyli səlahiyyətli olacaq, lakin yeni idarəetmə sistemi parlamentarizmin də bəzi mühüm cəhətlərini özündə ehtiva edəcək.
Bu dəyişikliklərin siyasi mənasına və Rusiyanın qonşularına təsirinə də toxunaq.
Dəyişiklik anonsundan olur ki, 2024-cü ildə səlahiyyət müddəti başa çatacaq Putin prezidentlikdən getmək qərarı verib. Hərçənd müxtəlif fəndlərlə qala bilərdi, ancaq qalmayacaq.
Putin Rusiya siyasətindən tam çəkilməyəcək, yəqin hansısa federal qurumun rəhbəri kimi siyasətə və idarəetməyə öz təsirini xeyli saxlayacaq. Ancaq çox önəmlidir ki, Rusiya tək adam rejimindən imtina edəcək və proses indidən başlanır. Artıq Rusiya siyasətində ən azı bir müddət Putin kimi çox geniş səlahiyyətli lider olmayacaq. Avtoritarizmin konstitutsion əsaslarının ləğv edilməsi böyük qonşumuzda demokratiyaya keçid prosesini sürətləndirəcək.
Bu sirr deyil ki, nəinki bizim coğrafiyada, hətta dünyada avtoritarizmin əsas dayağı Rusiyadır. Rusiya lideri və elitasının avtoritarizmin perspektivsizliyini başa düşüb qəbul etməsi, ölkəsini tədrici də olsa demokratiyaya, xalqın dəyişə biləcəyi hakimiyyətə hazırlaması həm regiondakı avtoritar dövlət başçılarına, həm də xalqlara ciddi bir mesaj vermiş olacaq. Avtoritar dövlət başçıları anlayacaq ki, hətta Rusiya avtoritar sistemin perspektivsizliyini qəbul edibsə, onlar üçün də son uzaqda deyil. Xalqların isə demokratiyaya canatımı daha da sürətlənəcək. Onlar düşünəcək ki, bir nəfərin əlində çəmləşməmiş, xalqın dəyişdirə biləcəyi hökumət sisteminə əvvəl-axır keçəcəyiksə, bu işi nəyə görə uzadaq?
Regiondakı avtoritar rejimlər üçün gerisayımın başlandığını da deyə bilərik.
Mənbə: Facebook.com