AXCP-nin Salyan şöbəsinin fəalı Əlizamin Salayev 30 sutkalıq həbs cəzası alıb. Qərarı yanvarın 13-də Səbail Rayon Məhkəməsi çıxarıb.
Əlizamin Salayev həmin gün AXCP-nin digər üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovla birgə tutulub. “Turan”a danışan Nicatın sözlərinə görə, onlar Səbail rayonundakı kafelərin birində yemək sifariş veriblər: “Birdən kafeyə özlərini Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər daxil olub bizi saxladı. Qanımızda alkoqolun olub-olmamasını yoxlamaq üçün ekspertizaya apardılar. Ceyhunun və Əlizamin bəyin qanında alkoqol izləri çıxdı. Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük.
Məni və Ceyhunu xırda xuliqanlıq adı ilə 50 manat məbləğində cərimələdilər, Əlizamin Salayevi isə məhkəməyə apardılar. Sonra məlum oldu ki, onu polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilərək 30 sutkalıq həbsə göndəriblər”.
Müdafiəçiləri bildirir ki, Əlizamin Salayev Salyan rayonunda polis kapitanı Həmzə Əzizovla mübahisə etdiyi üçün qəzəbə tuş gələrək həbs olunub.
Novator.az-ın məlumatına görə, Əlizamin Salayev 2019-cu ildə dörd dəfə inzibati həbs cəzası alıb. Ona yanvarda 25 sutkalıq, fevralda, mayda və oktyabrda 15 sutkalıq cəzalar kəsilib.