Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gündəliyinə “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” məsələsi daxil edilib. Qurumun Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamə layihəsi yanvarın 27-də müzakirə olunacaq.
“Turan”ın məlumatına görə, məruzədə Azərbaycanda “sistemli xarakter daşıyan siyasi məhbus problemi” ilə bağlı ciddi narahatlıq ifadə olunur. Qeyd edilir ki, hələ 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən AŞPA Bakını siyasi məhbusları azad etməyə və ya onların işlərinə məhkəmə qaydasında yenidən baxmağa çağırıb, amma qurumun bu məsələ ilə bağlı bir neçə qətnaməsinə baxmayaraq problem indiyədək qalır.
Hesabata görə, son illər Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsləri ilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının pozulduğunu müəyyən edərək çoxlu qərar çıxarıb.
Qətnamə layihəsində Azərbaycan hakimiyyətinə vətəndaş cəmiyyəti təmsilçilərinin siyahılarında adları göstərilən şəxslərin işlərinə yenidən baxmaq və siyasi motivlərlə tutulanların hamısını azad etmək, siyasi məhbus problemini birdəfəlik aradan qaldırmaq təklif olunur.
Novator.az bildirir ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2009-cu ilin martında AŞPA almaniyalı deputat Kristofer Ştrasseri Azərbaycanda siyasi məhbuslarla məruzəçi təyin edib. Lakin o, bu vəzifəni faktiki icra edə bilməyib. Kristofer Ştrasser Bakıya gəlmək üçün bir neçə dəfə Azərbaycan hökumətinə müraciət etsə də, dəvət ala bilməyib. Onun Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı hesabat 2013-cü ildə AŞPA-da qəbul edilməyib. Məruzə qəbul olunmayandan sonra Kristofer Ştrasser postunu tərk edib.
2018-ci ilin iyun ayında Torhildur Sunna Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi postuna gətirilib. O, ötən il sentyabrın 5-dən 7-dək Bakıda olub, siyasətçilər, hüquq müdafiəçiləri, media nümayəndələri, Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin təmsilçiləri ilə görüşlər keçirib.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup (İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqaları) 110 nəfərdən çox şəxsi siyasi məhbus sayır.
Siyahıda 5 jurnalist və bloqçu yer alır: Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov.
Siyasi məhbus sayılanların 7-si siyasi və ictimai fəaldır: Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov.
İşçi Qrup Gəncə işi üzrə tutulan bir çox şəxsi, xeyli inanclı fəalı da siyasi məhbus hesab edir.
Siyahıdakı dustaqların 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli qrupundan, 3-ü ömürlük məhkumdur.
2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Gəncə hadisələrinə görə ümumilikdə 60 nəfər cinayət məsuliyyətinə cəlb edilib.