“İqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir”. Yanvarın 13-də keçirdiyi müşavirədə çıxış edən prezident İlham Əliyev belə deyib.
2019-cu ilin yekunlarına həsr olunmuş 13 yanvar müşavirəsində birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, baş nazirin müavini Şahin Mustafayev, maliyyə, iqtisadiyyat, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı nazirləri, Dövlət Gömrük Komitəsinin sədri, Mərkəzi Bankın İdarə Heyətinin sədri, prezidentin və birinci vitse-prezidentin köməkçiləri, dövlət başçısının mətbuat katibi iştirak edib.
Dövlət başçısı giriş nitqində 2019-cu ildə ümumi daxili məhsulun 2,2 faiz artdığını vurğulayıb: “Bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artıb. Bu, son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artıb. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaq.
Kənd təsərrüfatı təxminən 7 faiz artıb. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olub – 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. İnflyasiya cəmi 2,6 faiz olub, əhalinin pul gəlirləri isə 7,4 faiz artıb. Yəni əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artıb.
Bizim qeyri-neft ixracımız 14 faiz artıb. Bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirdi.
Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb və rekord həddə – 51 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan MDB məkanında birinci yerdədir.
Xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 milyard dollar təşkil edir və bu, çox gözəl göstəricidir. Dünya ölkələrinin mütləq əksəriyyətində xarici ticarət dövriyyəsində mənfi saldo müşahidə olunur, bizdə isə müsbət saldodur. Bu, sözsüz, həm manatın məzənnəsinin sabit vəziyyətdə saxlanmasına, həm də bütövlükdə makroiqtisadi vəziyyətin sabit olmasına xidmət göstərəcək.
Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib. Bu öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb. Ötən il həyata keçirilən sosial paket 4,2 milyon insanı əhatə etdi və vətəndaşların maddi vəziyyəti yaxşılaşdı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb. Bir sözlə, keçən il aparılmış islahatlar nəticəsində biz əldə edilmiş əlavə gəlirləri ilk növbədə məhz sosial sahəyə yönəltdik”.
Prezident ötən il turist səfərlərinin rekord həddə çatdığını qeyd edib: “Ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib. Mənə verilən məlumata görə, təkcə bank kartları ilə xarici turistlər Azərbaycanda 1 milyard 260 milyon manat pul xərcləyiblər. Ancaq bütövlükdə nəzərə almalıyıq ki, gələn turistlər əsasən qonşu ölkələrdəndir və bizdə olduğu kimi, orada da hələ nağd hesablaşmalar üstünlük təşkil edir. Ümumi hesablama göstərir ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər. Mən bunu manatla deyirəm, amma, əslində, bu, valyutadır. Bu valyuta eyni zamanda bir növ ixrac növüdür. Bizim makroiqtisadi vəziyyətimizin sabit olmasında da bunun çox böyük rolu var”.
Müzakirələrdə maliyyə naziri Samir Şərifov, baş nazirin müavini Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.
Müşavirəyə yekun vuran İlham Əliyev 2020-ci ilin uğurla başladığını qeyd edib: “Bir neçə gün bundan əvvəl Bakıda iki böyük investorla iki layihə, icra müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək – biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaq. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq”.