İqtisadçı Qubad İbadoğlu Təhsil Nazirliyinə təklif verib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, ictimaiyyət hansı orta və ali məktəb daha yaxşıdır, hansı ixtisası seçməli, hansı peşəni öyrənməli kimi suallarla tez-tez qarşılaşır: “Belə sualları cavablandırmağın ən asan yolu məktəblər və universitetlər arasında fərqi nümayiş etdirən reytinq cədvəllərinin tərtibi ola bilər. Azərbaycanda belə reytinqlər tərtib olunmadığından valideynlər və abituriyentlər seçim qarşısında qalanda qərarlarını öz müşahidələri və başqalarının subyektiv rəyləri əsasında verirlər.
Təhsil Nazirliyinə təklif edərdim ki, ölkədə fəaliyyət göstərən bütün dövlət məktəblərinin respublika və rayonlar üzrə reytinqinin qurulması layihəsini reallaşdırsın.
İbtidai, orta və tam orta məktəblərin reytinq sıralaması digər ölkələrdə çoxdan tərtib edilir. Azərbaycanda bu işi görmək çox da böyük resurs tələb etmir. Ən başlıcası reytinq metodologiyası əsaslı olmalı və gerçək informasiyalara istinad edilməlidir. Bu zaman müəllim-şagird nisbəti, sinif otağına düşən şagirdlərin sayı, buraxılış imtahanlarından əla, yaxşı, kafi, qeyri-kafi qiymət alanların imtahanda iştirak edənlərin cəmində xüsusi çəkisi, məzun olanların sayında ali təhsil ocağına ilk ildə və sonrakı illərdə qəbul olanların payı, ali məktəbə 200-300 balla, 300-400 balla, 400-500 balla, 500-600 balla, 600-650 balla, 650-700 balla qəbul olanların cəmi qəbul olanlarda xüsusi çəkisi, xaricdə təhsil üçün müraciət edən abituriyentlərin İELTS/TOEFL/SAT imtahanlarında əldə etdiyi nəticələr də qiymətləndirmə indikatorları kimi istifadə oluna bilər.
Belə bir metodologiya əsasında reytinq cədvəlini ibtidai, natamam orta və tam orta səviyyələrdə, rayonlar və ölkə, eləcə də Azərbaycan və rus bölmələri üzrə tərtib etmək məktəblər arasında sağlam rəqabətə və təcrübə mübadiləsinə xidmət edə, eləcə də valideynlərə və şagirdlərə istiqamət verə bilər”.
Statistikaya görə, ölkədə 54 ali məktəb, 322 ibtidai məktəb, 3307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb fəaliyyət göstərir.