Azərbaycan parlamentinə – Milli Məclisə seçilmək istəyən şəxslərin müvafiq sənədləri dairə seçki komissiyalarına təqdim etmək vaxtı yanvarın 10-da başa çatıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının 11 yanvar hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2431 iddiaçı qatılıb, onların 1047-si rəsmən qeydə alınıb (Namizədlərin qeydiyyatı).
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var. Hazırda hər mandat uğrunda orta hesabla 8 nəfər mübarizə aparır.
18 yaşına çatmış Azərbaycan vətəndaşı deputat seçilə bilər. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
9 fevral seçkisində iştirak edən 20 partiya Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələrini rəsmiləşdirib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.
Təşviqat yanvarın 17-də başlanır.
Təqvim planına əsasən, səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir, seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması fevralın 12-dək bitir.
Mərkəzi Seçki Komissiyası fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərməlidir.
Növbəti parlament seçkisi bu il noyabrın 1-də keçirilməli idi. Ötən il noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident Milli Məclisi buraxıb və növbədənkənar parlament seçkisi təyin edib.