Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Avropa Parlamentinin Azərbaycanda keçiriləcək parlament seçkisini müşahidə etməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə etməyəcəyini yanvarın 8-də açıqlayıb. Rəsmi məlumatda qeyd olunub ki, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki prosesini izləmək və şərh etmək səlahiyyəti verilmir: “Avropa Parlamentinin hər hansı üzvü seçkini müşahidə etmək qərarına gəlsə, bunu şəxsən öz adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini təmsil etməyəcək”.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Birliyin qanunverici orqanı 751 nəfərdən ibarətdir.
Yanvarın 9-da Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Avropa Parlamentinin məlumatı ilə bağlı açıqlama yayıb. O qeyd edib ki, Milli Məclisdən parlament nümayəndə heyətlərinə və Azərbaycanın üzv olduğu parlament assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlara parlament seçkisi ilə bağlı dəvət məktubları göndərilib: “Yəni Azərbaycan əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkisini izləmək dəvəti ilə müraciət ünvanlayıb.
Avropa Parlamentinin yaydığı məlumata gəldikdə, əvvəla, həmin məlumatın qurumun seçkini müşahidədən imtinası kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Azərbaycan Avropa Parlamentinə belə bir dəvət ünvanlamayıb ki, o da bu dəvətdən imtina etsin. Ölkəmizin Avropa Parlamenti qarşısında hər hansı bir öhdəliyi də yoxdur.
İkincisi, bu, Avropa Parlamentinin prosedur qaydalarına uyğun olaraq verilmiş, yəni qurumun müşahidəçi kimi iştirak etmədiyi seçkilərdə üzvlərin şəxsi qisimdə iştirak edəcəyinə dair yayılmış bir məlumatdır”.
Azərbaycan parlamentinin birmandatlı dairələrdən seçilən 125 deputatı var. Mərkəzi Seçki Komissiyasının son hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 689-u rəsmən qeydə alınıb.