Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Serj Sərkisyanın və daha 4 şəxsin cinayət işi üzrə ibtidai istintaqı tamamlayıb. Novator.az bildirir ki, yanvarın 10-da yayılan rəsmi məlumata görə, cinayət işinin materialları tanışlıq üçün təqsirləndirilənlərə təqdim olunub.
Rəsmi ittihama əsasən, Serj Sərkisyan prezident vəzifəsini tutarkən 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup şəxsin 489,1 milyon dram (1 milyon dollardan çox) dövlət vəsaitini ələ keçirməsini təşkil edib. Söhbət kənd təsərrüfatı işləri üçün dizel yanacağının şişirdilmiş qiymətə alınmasından gedir.
Ötən ilin dekabr ayında Xüsusi İstintaq Xidməti Serj Sərkisyanın ölkədən çıxmasını yasaqlayıb, onun və cinayət işində adı keçən digər şəxslərin əmlakına həbs tətbiq edib.
Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub.
2008 və 2013-cü illərdə prezident seçilib.
2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.
Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.