Azərbaycan Ordusunun birləşmə komandanı olmuş general-mayor Qabil Məmmədovun deputatlığa namizədliyi qeydə alınmayıb.
Novator.az bildirir ki, fevralın 9-da keçiriləcək parlament seçkisinə öz təşəbbüsü ilə qatılan Qabil Məmmədov namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən verib. Lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib. Dairə komissiyası bunu belə əsaslandırıb ki, Qabil Məmmədov komissiyaya əmlakı barədə düzgün məlumat verməyib və onun namizədliyinin müdafiəsi üçün toplanmış seçici imzalarından 100-ü şübhə doğurur.
Qabil Məmmədov dairə seçki komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edib. General bildirib ki, namizədliyinin qeydə alınmasına mane olmaq üçün barəsində saxta sənədlər hazırlayıblar, ona məxsus olmayan əmlakları (torpaq sahəsi və avtomobillər) onun adına yazıblar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış alan Qabil Məmmədov iddia edilən əmlakların ona məxsus olmadığını sübuta yetirib.
Yanvarın 9-da generalın şikayətinə baxan Mərkəzi Seçki Komissiyası bu sübutu qəbul edib. MSK qərara gəlib ki, Qabil Məmmədov həqiqətən də dairə seçki komissiyasına öz əmlakı barədə düzgün məlumat veribmiş.
Lakin MSK da Qabil Məmmədovun deputatlığa namizədliyini qeydə almayıb və bunu belə əsaslandırıb ki, generalın müdafiəsi üçün toplanmış 496 seçici imzasından 57-si etibarsızdır.
Deputatlığa namizədin qeydə alınması üçün 450 seçici imzası olmalıdır. 496-dan 57-ni çıxanda isə 439 edir. Beləliklə, Qabil Məmmədov üçün toplanmış imzalardan etibarsız hesab edilən imzalar çıxılanda qalan imzalar onun namizədliyinin qeydə alınmasına çatmır. MSK bunu əsas götürərək generalın namizədliyini qeydə almaqdan imtina edib.
Qabil Məmmədov məsələyə münasibətini yanvarın 10-da “Facebook” sosial şəbəkəsində bildirib. General onun namizədliyini müdafiə edənlərə müraciətlə belə yazıb: “Bildiyiniz kimi, mən 73 saylı Lənkəran şəhər seçki dairəsindən öz namizədliyimi irəli sürmüşdüm. Göstərdiyim səylərə baxmayaraq yanvarın 9-da Mərkəzi Seçki Komissiyasında mövcud olan sistem mənim “İP adresimi” tanımadı. Bu səbəbdən sizlərin gözləntilərini doğrulda bilmədim. Allah vətənimiz Azərbaycanı qorusun!”
1965-ci il təvəllüdlü Qabil Məmmədov Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbinin məzunudur. 2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi olub, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe kimi qulluq edib, 2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.