Avropa İttifaqının qanunverici orqanı – Avropa Parlamenti Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə etməyəcək. Yanvarın 8-də qurumdan “Turan” agentliyinə daxil olan məlumata görə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki prosesini izləmək və şərh etmək səlahiyyəti verilmir: “Avropa Parlamentinin hər hansı üzvü seçkini müşahidə etmək qərarına gəlsə, bunu şəxsən öz adından edəcək və heç bir halda Avropa Parlamentinin nöqteyi-nəzərini və ya mövqeyini təmsil etməyəcək”.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli özünün “Facebook” səhifəsində Avropa Parlamentinin qərarına belə şərh verib: “Avropa Parlamenti təkcə seçkini müşahidədən imtina etməyib, həm də hər bir üzvünə seçki barədə Avropa Parlamenti adından açıqlama verməyi qadağan edib. Ciddi qərardır və bu qərar 9 fevral seçkisinin beynəlxalq legitimliyini indidən sarsıtdı”.
Novator.az-ın məlumatına görə, Əli Kərimli əlavə edib ki, ATƏT-in seçkiqabağı vəziyyəti dəyərləndirən hesabatında Milli Şuranın seçkini boykot bəyanatında irəli sürülmüş bütün tənqidi qeydlər öz əksini tapıb: “Həmin sənədlərdən açıq-aşkar görünür ki, Azərbaycanda heç bir demokratik seçki şəraiti yoxdur. Ölkənin həbsxanalarında 120 nəfərdən artıq siyasi məhbus var. Mətbuat tamamilə sıradan çıxarılıb, sərbəst toplaşmaq azadlığı tam olaraq qadağan edilib. İndiyə qədər ATƏT, Avropa Şurası və Avropa Birliyinin Azərbaycan hakimiyyətinə təqdim etdiyi seçki islahatları təklifinin heç biri nəzərə alınmayıb. Avropa Parlamentinin son qərarı ölkədə azad seçki mühitinin olmadığının qəbul edilməsidir.
Güman etmək olar ki, Avropa Parlamentində 9 fevral seçkisinin rəqabətsiz və azadlıqların boğulduğu mühitdə keçəcəyi qənaətinə gəliblər və nəticələri əvvəlcədən bəlli olan prosesi müşahidə etməyə ehtiyac olmadığını hesab ediblər”.
Mərkəzi Seçki Komissiyasının son hesabatına görə, 9 fevral seçkisinə 2381 iddiaçı qatılıb, onların 617-si rəsmən qeydə alınıb.
Azərbaycan parlamenti – Milli Məclis birmandatlı dairələrdən seçilən 125 deputatdan ibarətdir. Marafonda iştirak edən 20 partiya Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələrini rəsmiləşdirib: Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Təkamül Partiyası, Müsavat Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Liberal Demokrat Partiyası, Demokratik Maarifçilik Partiyası, Müasir Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Birliyin qanunverici orqanı 751 nəfərdən ibarətdir.