İqtisadçı Rövşən Ağayev sosial sığorta qanununa dəyişikliklər təklif edir. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, qanunun 14.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün minimum aylıq əməkhaqqının 6 faizi miqdarında aylıq sosial sığorta haqqı ödənməlidir: “Burada üç böyük problem var. Əvvəla, torpağın keyfiyyəti nəzərə alınmır. 1 və 4-cü keyfiyyət qrupunda torpağı olanların qazancları çox fərqlidir. Fərqli qazanan insanların ucdantutma eyni məbləğdə pensiya yığımı ilə gələcəkdə eyni pensiya məbləğində pensiyaya çıxarmaq çox absurddur. Bu ona oxşayır ki, ayda 300 manat alan adamla 1500 manat maaş alan adam gələcəkdə eyni pensiya məbləğinə sahib olsun. Sosial sığorta haqları torpağın keyfiyyətinə görə fərqləndirilməlidir.
İkincisi, torpağın ölçüsü nəzərə alınmır. 4 nəfər əmək qabiliyyətli üzvü olan elə ailə təsərrüfatı var ki, 10 hektar torpağa sahibdir. Eyni sayda üzvü olan başqa bir ailə təsərrüfatının isə cəmi 1 hektar torpağı var. Torpaq mülkiyyətinin ölçüsü arasında 10 dəfə fərq olan hər iki təsərrüfat ayda 60 manat, ildə 720 manat məcburi sosial sığorta haqqı ödəməlidir. 1 hektar torpaqda nə becərmək olar ki, bütün xərclərini ödəyəsən, 720 manat da sosial sığorta haqqı ödəyəsən?
Çıxış yolu sığorta haqqının təsərrüfat üzvlərinin sayına görə deyil, torpağın hər hektarına görə hesablanıb əmək qabiliyyətləri üzvlər arasında bərabər bölüşdürülməsidir.
Üçüncüsü, fermerlər üçün sosial sığorta haqlarının minimum əməkhaqqına bağlanması yanlışdır. 2019-cu il ərzində minimum maaş iki dəfə artaraq 130 manatdan 250 manata yüksəldi. İnflyasiyaya həssas dövr uzun müddət davam eləsə, maaşların indeksasiyası müntəzəm xarakter daşısa, fermerlərin sosial sığorta yükü il ərzində bir neçə dəfə dəyişə bilər. Bu, iqtisadi baxımdan özünü güclə ayaqda tutan, daim dövlət dəstəyinə möhtac olan bir iqtisadi qrup üçün ciddi problemdir.
Sabit məbləğdə sadələşdirilmiş vergi ödəmək təcrübəsi var, fermerlər üçün sosial sığorta haqlarını da sabit məbləğə bağlamaq olar.
Bununla bağlı iki vacib qeydim də var. Birincisi, digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyən fiziki şəxslər həm də torpağa sahibdirlərsə, bu halda fermer kimi sosial sığorta ödəməkdən azaddırlar.
İkincisi, ailə kəndli təsərrüfatı üzvlərindən I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşında olan insanlar da sığorta ödəyicisi deyillər.
Kiçik sahibkarların marağına toxunan məsələyə gəldikdə, qanunun 14.5.1-ci maddəsinə görə, 2020-ci il yanvarın 1-dən tikinti və ticarət sektorundan kənar bütün fərdi sahibkarlar minimum əməkhaqqının 25%-i qədər, yəni 62,5 manat aylıq sığorta haqqı ödəyəcək.
Burada da ədalətsizlik var. Əvvəla, ayda cəmi 1000-2000 manat qazancı olan mikro sahibkarla 10000-15000 manat qazancı olan kiçik sahibkardan eyni məbləğdə sığorta haqqı almaq doğru yanaşma deyil. Onsuz da vergi orqanı sahibkarın dövriyyəsini və ya mənfəətini görür və vergini də həmin dövriyyəyə uyğun hesablayır. Olmazmı ki, sosial sığorta da eyni qaydada (məsələn, 1-2% intervalında) dövriyyə-mənfəət göstəricisinə bağlansın?
Fermerlər üçün olan problem mikro və kiçik sahibkarlar üçün də keçərlidir – minimum əməkhaqqının hər artımı onlar üçün əlavə xərc yaradır”.