Yanvarın 8-də prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib.
Bu təyinata qədər Anar Quliyev sədrin birinci müavini idi.
Anar Quliyevi qəbul edən prezident İlham Əliyev deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndirilib, komitənin şəhərsalma və memarlıq prinsiplərini müasir əsaslarla təşkil etmək üçün xüsusi rolu və əhəmiyyəti var: “Vətəndaşların rahatlığı, ekoloji cəhətdən təmiz layihələrin icrası və şəhərsalma qaydalarına tam riayət edilməsi əsas prinsiplər olmalıdır.
Əfsus ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu. Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu. Son vaxtlar mənim göstərişimlə bu qaydalara riayət edilməyə başlanıb. Bunu iş adamları da nəzərə almalıdırlar.
Bakı şəhəri bizim tarixi sərvətimizdir. Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu olmayacaq. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına son qoyulub. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır.
Bakı şəhəri bundan sonra ancaq baş plan əsasında inkişaf etməlidir. Baş plana uyğun olmayan heç bir bina tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postu ötən il noyabrın 1-dən – Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olunandan boş idi. O vaxtdan Anar Quliyev komitədə sədrin səlahiyyətlərini icra edirdi.
Anar Adil oğlu Quliyev 1977-ci ildə Bakıda doğulub. Azərbaycan Milli Aviasiya Akademiyasının iqtisadiyyat fakültəsini bitirib, mühəndis-iqtisadçıdır.
Əmək fəaliyyətinə Dövlət Əmlak Komitəsində mütəxəssis kimi başlayıb. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində mütəxəssis, aparıcı mütəxəssis, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, böyük məsləhətçi, 2005-2009-cu illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda investisiyaların təşviqi üzrə direktor vəzifələrində çalışıb.
2009-2016-cı illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində şöbə müdirinin müavini, şöbə müdiri, 2016-2018-ci illərdə Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri, aparatın rəhbəri işləyib.
2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının rəhbəri, 2019-cu ilin iyunundan 2020-ci il yanvarın 8-dək isə komitə sədrinin birinci müavini olub.