Novator.az 2019-cu ilin mitinq tarixçəsinə nəzər salıb.
Ötən il paytaxt Bakıda aksiya üçün ilk müraciət Müsavatdan gəlib. Partiya Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində yanvarın 12-də “20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinqə və ya Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş və orada mitinqə icazə verilməsini istəyib. Paytaxt hakimiyyəti yürüş-mitinqi məqsədəuyğun saymayıb.
Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti uzun müddət aksiyaları sanksiyalaşdırmayıb.
Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə yox cavabı verib.
Müsavatın martın 10-da “20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq və ya Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş və orada mitinq istəyi də baş tutmayıb.
Partiya həmçinin 7 aprel mitinqi üçün müraciətə mənfi cavab alıb. Kütləvi aksiyaya paytaxtdakı üç meydandan birinin (Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu; “Dərnəgül” metro stansiyası yanındakı meydan; Tofiq Bəhramov stadionu qarşısındakı meydan) ayrılması istənib.
Qarabağ Komitəsi Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda fevralın 16-na, martın 16-na, mayın 4-nə və iyulun 23-nə təyin etdiyi mitinqlərə razılıq ala bilməyib.
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının mayın 18-i Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyi mitinqi də sanksiyalaşdırmayıb.
Azərbaycan Xalq Hərəkatının mayın 25-i Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq və iyulun 20-si “Amay” Ticarət Mərkəzinin yanından Xətai Rayon İcra Hakimiyyətinin binasınadək yürüş, icra hakimiyyətinin binası yaxınlığında mitinq keçirmək istəyi də alınmayıb.
Sentyabrın 10-da Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin təmirə bağlandığı elan olunub. 2013-cü ildən Bakıda mitinqlər adətən bu stadionda keçirilirdi.
Demokratik Qüvvələrin Milli Şurası 28 sentyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park. Meriya Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Milli Şura təklifdən imtina edib və oktyabrın 8-i Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin binaları arasında razılaşdırılmış piket keçirib, ardınca oktyabrın 19-na mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə 19 oktyabr mitinqi üçün üç yerdən birini ayırmaq təklif olunub: “28 May” metro stansiyasının əsas girişinin qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilməsini təklif edib. Təklifdən boyun qaçıran Milli Şura oktyabrın 19-da “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirib.
Noyabrın 2-nə təyin etdiyi aksiya üçün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətindən iki yerdən birini istəyib: metronun “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu. Bakı Şəhər İcra Hakimiyyəti Qaradağ rayonunun Lökbatan qəsəbəsini, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunu ünvan göstərib. Milli Şura əvvəl “28 May” stansiyasının əsas girişinin qarşısındakı meydana sanksiyasız mitinq təyin edib, sonra 2 noyabr aksiyasını keçirməməyə qərar verib.
Müsavat Partiyası 10 noyabr mitinqi üçün üç ünvan göstərib: Tofiq Bəhramov adına stadionun qarşısındakı meydan, metronun “Dərnəgül” stansiyasının yaxınlığındakı meydan və Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu. Paytaxt rəhbərliyi mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Bu təkliflə razılaşmayan Müsavat Partiyası noyabrın 12-nə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz piketi təyin edib. Paytaxt rəhbərliyi piketlə bağlı müraciəti də mənfi cavablandırıb və Müsavat sanksiyasız piketə gedib.
2019-cu ilin ikinci razılaşdırılmış mitinqi noyabrın 30-na təsadüf edib. Azərbaycan Xalq Hərəkatı həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin xeyir-duası ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda mitinq keçirib.