Dekabrın 30-da fərman imzalayan prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni əsasnaməsini təsdiqləyib.
Novator.az bildirir ki, dövlət başçısı oktyabrın 23-də Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini İqtisadiyyat Nazirliyinin strukturuna daxil edib. Struktur belə müəyyən olunub: Aparat (şöbələr və sektorlar); Dövlət Vergi Xidməti; Əmlak Məsələləri Dövlət Xidməti; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti; regional bölmələr; Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları. Həmin gündən iqtisadiyyat naziri vəzifəsini Mikayıl Cabbarov tutur. O, oktyabrın 23-dək vergilər naziri olub.
Dekabrın 30-da rəsmiləşən yeni əsasnaməyə görə, İqtisadiyyat Nazirliyi Azərbaycanın iqtisadi siyasətinin formalaşdırılması, makroiqtisadi proqnozların hazırlanması, iqtisadi inkişafın və iqtisadi artımın təmin edilməsi üçün əlverişli şərait yaradılması, investisiya fəaliyyətinin təşviqi, sahibkarlığın və sənayenin inkişafı, lisenziya və icazə sisteminin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) satın alınması, dövlət büdcəsinə vergilərin, habelə qanunla və prezident aktı ilə nazirliyin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, torpaqların dövlət idarəetməsinin təşkili, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
İqtisadiyyat nazirinin 1 birinci müavini və 5 müavini var. Nazirin və müavinlərin təyinatı prezidentin səlahiyyətindədir.
Dövlət başçısı Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrini iki ay müddətində hazırlamağı tapşırıb.
1976-cı ildə doğulan Mikayıl Cabbarov 2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2013-cü il aprelin 19-dan təhsil naziri postunu tutub, 2017-ci il dekabrın 5-də vergilər naziri vəzifəsinə keçirilib.