Həbsdə olan jurnalist Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb. Bunu “Turan”a jurnalistin xanımı Gülmira Aslanova deyib.
Həyat yoldaşı bir gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Polad Aslanovla görüşüb.
Gülmira Aslanovanın sözlərinə görə, Poladın səhhəti normaldır.
Təqsirləndirilən jurnalist və vəkilləri istintaq materialları ilə tanış olandan sonra iş məhkəməyə göndəriləcək.
Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin həmin vaxt yaydığı açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
Polad Aslanov jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.
Polad Aslanov bu ittihamı qəbul etmir. Onun müdafiəçiləri indiyədək bir neçə dəfə bəyan ediblər ki, jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.
2019-cu ilin sonuna yaxın Polad Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə əlavə ittiham da irəli sürülüb. Yeni ittihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib.
Polad Aslanov barəsində seçilmiş həbs qətimkan tədbiri gələn il fevralın 12-də bitir.