2015-ci ildə yaradılmış Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı partiyaya çevrilir.
Novator.az-ın məlumatına görə, ADR Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkədə yaydığı açıqlamasında hərəkatın Ali Məclisinin yeni təşkilatlanma ilə bağlı qarşıya bir sıra vəzifələr qoyduğunu bildirib: “Onlardan ən önəmlisi partiyanın ideoloji bazasının formalaşdırılması və siyasi xəttinin müəyyənləşdirilməsidir. Artıq start götürmüş bu ideoloji müzakirəni yaxın üç ayda yekunlaşdırmaq niyyətindəyik. Məqsədimiz Azərbaycanda ideoloji bağlarla formalaşmış ümummilli siyasi təşkilat yaratmaq və onun bazasında ADR Hərəkatını yenidən təşkilatlandırmaqdır”.
Qubad İbadoğlu ideoloji müzakirənin dörd istiqamət üzrə aparıldığını söyləyib: liberalizm, sosial demokratiya, mühafizəklarlıq, millətçilik.
O, hərəkatın üzvləri və təəssübkeşləri arasında sosioloji sorğu keçirməyi planlaşdırdıqlarını da açıqlayıb. Sorğu bu suallara cavab tapılmasına xidmət edəcək: Cəmiyyət hansı siyasi dəyərlərə üstünlük verir? Cəmiyyət hansı ideoloji qruplara və necə bölünüb? Cəmiyyətin yeni siyasi təşkilatdan gözləntiləri nələrdir? Cəmiyyət yeni siyasi liderdən nələr gözləyir?
1971-ci ildə anadan olan Qubad İbadoğlu iqtisadçı alim, İqtisadi Tədqiqatlar Mərkəzinin qurucusudur. Uzun illər Müsavat Partiyasının öncül şəxslərindən olub.