Mәrkəzi Bank 2020-ci il vә ortamüddәtli dövr üçün pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri barәdә bәyanat yayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, 2019-cu ildә qlobal әmtәә bazarlarında Azәrbaycan üçün strateji әhәmiyyәt daşıyan әmtәәlәrin qiymәtlәri әsasәn artıb: “Ərzağın qiymәtlәri cari ilin noyabrında ötәn ilin müvafiq ayına nәzәrәn 9,5% yüksәlib. Brent markalı neft 2019-cu ilin ötәn dövründә 28% bahalaşıb, hәr barrel üçün orta qiymәt 64,2 ABŞ dolları olub. Ümumilikdә qlobal konyunktur Azәrbaycan üçün әlverişli olub, neftin orta qiymәti ötәn illә müqayisәdә azalsa da, tәdiyyә balansında müsbәt meyllәr qorunub. Tәdiyyә balansında cari әmәliyyatlar hesabı profisitli olub: 9 ayda 4 milyard dollar. Yanvar-noyabr aylarında xarici ticarәt balansının profisiti 5,9 milyard dollar tәşkil edib. Qeyri-neft ixracı 16,3% artmaqla monetar qızıl çıxılmaqla qeyri-neft idxalının artım tempini (7,1%) üstәlәyib. Xidmәtlәr, ilkin vә tәkrar gәlirlәr balansında da müsbәt meyllәr davam edir. Turizm xidmәtlәri balansı cari ildә dә profisitli olaraq qalıb.
2019-ci ilin 9 ayında kapital vә maliyyә hesabının kәsiri ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 7,2 dәfә azalaraq 344 milyon dollar olub.
Strateji valyuta ehtiyatları ilin әvvәlindәn 13,7% artaraq 50,9 milyard dollara çatıb. Dövlәt Neft Fondunun aktivlәri 40 milyard dolları, Mәrkәzi Bankın valyuta ehtiyatları 6,2 milyard dolları üstәlәyib.
Ölkәnin beynәlxalq investisiya mövqeyi üzrә aktivlәri (111 milyard dollar) öhdәliklәrindən (54 milyard dollar) çoxdur.
11 ayda ümumi daxili məhsul 2,1% artıb. Qeyri-neft sektorunda 3,5%, qeyri-neft sәnayesindә 14,8%, kәnd tәsәrrüfatında 7,1% artım qeydə alınıb. Rәsmi statistikaya görә, inflyasiya 2,6% tәşkil edib”.
Bəyanatda xatırladılır ki, prezidentin problemli kreditlərlə bağlı 28 fevral 2019-cu il fәrmanı ilә 602 min vәtәndaş kompensasiya çәrçivәsinә, 300 mindәn çox vәtәndaş isә kreditlәrin restrukturizasiyasına aid edilib. Vәtәndaşlara 644,5 milyon manat kompensasiya ödәnib. 123,1 min borcalanın 242,3 milyon manat mәblәğindә kreditlәri güzәştli şәrtlәrlә (1% olmaqla 5 ilә)
restrukturizasiya edilib. Fәrman çәrçivәsindә silinәn faiz vә dәbbә pullarının hәcmi 205 milyon manatdan çox olub, 42 min borcalanın kreditlәri tam bağlanıb.
Fәrmanın icrası bank aktivlәrinin keyfiyyәtinә müsbәt tәsir göstәrib. İlin әvvәlindәn kredit qoyuluşları 16,1%, bank әmanәtlәri 3,7% artıb”.
Mərkəzi Bank bildirir ki, 2020-ci il vә ortamüddәtli dövr ölkәdә yeni iqtisadi inkişaf modelinә keçid baxımından mühüm strateji horizont hesab olunur: “Bu dövrdә dә qiymәtlәr sabitliyi vә maliyyә sektorunun stabilliyinin qorunması, habelә maliyyә sektorunun inkişafı makroiqtisadi vә makroprudensial siyasәtlәrin mühüm prioritetlәrindәn olacaq.
İqtisadi artım tempinin 2019-cu illә müqayisәdә yüksәlәcәyi proqnozlaşdırılır. Rәsmi proqnozlara görә, 2020-ci ildә real iqtisadi artım tempinin 3%, o cümlәdәn qeyri-neft sektoru üzrә 3,8% olacağı gözlәnir. Hökumәtin rәsmi proqnozlarına görә, 2020-ci ildә inflyasiya 4,6% olacaq, bu da әhalinin real gәlirlәrinin artımına şәrait yaradacaq sәviyyәdir.
Mәrkәzi Bank pul siyasәti rejiminin tәkmillәşdirilmәsi ilә inflyasiyaya tәsir imkanlarının yüksәldilmәsi istiqamәtindә fәaliyyәtini 2020-ci ildә dә davam etdirәcәk”.