Xarici işlər naziri Elmar Məmmədyarov kütləvi informasiya vasitələrinin 2019-cu ilin yekunları ilə əlaqədar suallarını cavablandırıb. AZƏRTAC-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara toxunan nazir deyib ki, 2019-cu ildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Vyanada görüş, xarici işlər nazirləri səviyyəsində isə Paris, Moskva, Vaşinqton, Nyu-York və Bratislavada görüşlər keçirilib: “Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin Ermənistanın il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə itirilmiş imkanlar ili kimi dəyərləndirilə bilər.
Bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurdu. Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq Ermənistanın təşəbbüsü siyasiləşdirməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa hazır olmadığını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar.
Biz iki qonşu ölkəyik və tez, ya da gec münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaq. Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı amilini aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir”.
Nazir qeyd edib ki, münaqişənin həlli üzrə danışıqlar prosesində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmaz: “İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı varsa, bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.
Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Qarabağın azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı azərbaycanlı icması üçün də önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.
Ermənistan anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş mümkün deyil”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.