Dekabrın 30-u Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, iclasda nazirliyin 2019-cu ildə gördüyü işlər müzakirə olunub. Bildirilib ki, 2019-cu ildə yeni tikilmiş Qobustan Rayon Mərkəzi Xəstəxanası əhalinin istifadəsinə verilib, Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzində, Qazax, Şəmkir, Goranboy rayonlarının mərkəzi xəstəxanalarında təmir-tikinti işləri başa çatıb.
Hesabata əsasən, il ərzində 18 yaşdan yuxarı əhalinin 74%-i tibbi müayinələrdən keçirilib, müraciət edənlərin 279 min nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb, 21 min nəfər xəstəxanalara yerləşdirilib, 56 minə yaxın şəxs dispanser nəzarətinə alınıb, 1 milyon 800 mindən çox insan əlavə müayinələrə cəlb olunub.
2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət rəsmiləşib, 712 min xəstə stasionar müalicəyə cəlb edilib, 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən yararlanıb.