2020-ci ildə Azərbaycan icbari tibbi sığortaya keçir. Nazirlər Kabineti sığortanın inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını belə müəyyən edib:
Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları, Mingəçevir şəhəri, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonları – yanvar-mart aylarında;
Gəncə və Naftalan şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonları – aprel-iyun aylarında;
Şirvan şəhəri, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonları – iyul-sentyabr aylarında;
Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları –oktyabr-dekabr aylarında.
Novator.az “Tibbi sığorta haqqında” qanunun yenilənmiş variantını oxucuların diqqətinə çatdırır.
Tibbi sığorta qanunu
Bu Qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir.
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. xidmətlər zərfi – icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu;
1.0.4. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində bu Qanunla müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.0.5. sığortaçı – “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.0.6. sığortalı – bu Qanunda nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs;
1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər;
1.0.8. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaiti;
1.0.9. sığorta limiti – icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfində nəzərdə tutulduğu hallarda sığortaolunana təqvim ili müddəti ərzində göstərilən tibbi xidmətlərin say həddi;
1.0.10. sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan hal (o cümlədən profilaktik tədbirlər);
1.0.13. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə – icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanan müqavilə;
1.0.14. tibbi ərazi bölməsi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin inzibati ərazi vahidləri üzrə qruplaşdırılması;
1.0.15. müştərək maliyyələşmə məbləği – sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir
1.0.16. tibb müəssisəsi – dövlət və ya qeyri-dövlət səhiyyə sisteminə daxil olan və tibb fəaliyyətini həyata keçirən hüquqi şəxs.
Maddə 1-1. Tibbi sığorta və onun formaları
1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.
1-1.2. Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
1-1.4. Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir.
Maddə 2. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Tibbi sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında tibbi sığorta sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
Maddə 2-1. Tibbi sığortanın subyektləri
Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir.
Könüllü tibbi sığorta
Maddə 3. Könüllü tibbi sığortada sığortalılar
3.1. Könüllü tibbi sığortada sığortalılar – sığorta olunan şəxslər və onların mənafeyini ifadə edən hüquqi şəxslərdir.
3.2. Könüllü tibbi sığortanın subyektləri arasındakı mübahisələrə inzibati qaydada və ya məhkəmə qaydasında baxılır.
Maddə 4. Könüllü tibbi sığorta müqaviləsi
4.1. Könüllü tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.
4.2. Könüllü tibbi sığorta müqaviləsi – qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı sığortaçılar arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.
4.3. Könüllü tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.
4.5. Könüllü tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. Könüllü tibbi sığorta şəhadətnaməsi
5.1. Könüllü tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
5.2. Könüllü tibbi sığorta müqaviləsinin subyekti olan vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar.
5.3. Könüllü tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisələrinə müraciət edərkən təqdim olunur.
5.4. Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6. Könüllü tibbi sığorta üzrə sığortalının hüquq və vəzifələri
6.1. Könüllü tibbi sığorta üzrə sığortalının hüquqları aşağıdakılardır:
6.1.1. könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək;
6.1.2. sığortaçını sərbəst seçmək;
6.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.
6.2. Könüllü tibbi sığorta üzrə sığortalının vəzifələri aşağıdakılardır:
6.2.1. sığorta haqlarını vaxtında ödəmək;
6.2.2. sığortaolunanların sağlamlıq vəziyyətinin göstəriciləri haqqında sığortaçıya məlumat vermək.
6.3. Könüllü tibbi sığorta müqaviləsində sığortalı üçün digər vəzifələr də nəzərdə tutula bilər.
Maddə 7. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları
7.1. Könüllü tibbi sığorta üzrə sığortaolunanların hüquqları aşağıdakılardır:
7.1.1. könüllü tibbi sığorta şəhadətnaməsini aldıqları andan bu Qanunla və könüllü tibbi sığorta müqaviləsində müəyyən olunmuş hüquqları həyata keçirmək;
7.1.2. könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibb müəssisəsindən hər hansı birini və həkimi seçmək;
7.1.3. könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;
7.1.4. könüllü tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
7.1.5. sığortalıya, sığortaçıya, tibb müəssisəsinə qarşı, könüllü tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, məhkəmədə iddia qaldırmaq;
7.1.6. könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edildiyi halda, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.
7.2. Sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), sığortaçılar, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.
7.3. Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının könüllü tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Maddə 8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin könüllü tibbi sığortası
8.1. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər könüllü sığorta üzrə Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
8.2. Azərbaycan Respublikasında əcnəbilər könüllü tibbi sığorta sahəsində, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquq və vəzifələrə malikdirlər.
Maddə 10. Könüllü tibbi sığorta sistemində sığorta haqları
Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
Könüllü tibbi sığorta üzrə sığortaçıların fəaliyyəti
Maddə 13. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri
13.1. Könüllü tibbi sığorta üzrə sığortaçının hüquqları aşağıdakılardır:
13.1.1. könüllü tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini seçmək;
13.1.2. tibb müəssisəsi tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək;
13.1.3. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
13.1.4. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sığortaolunanın sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb etmək.
13.2. Könüllü tibbi sığorta üzrə sığortaçının vəzifələri aşağıdakılardır:
13.2.1. sığortaolunanlara könüllü tibbi sığorta müqaviləsinə uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisəsi ilə müqavilələr bağlamaq;
13.2.2. könüllü tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana könüllü tibbi sığorta şəhadətnaməsini vermək;
13.2.3. tibb müəssisəsinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək;
13.2.4. könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulduğu halda, sığorta haqlarının bir hissəsini sığortaolunana qaytarmaq;
13.2.5. müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək;
13.2.6. sığortaolunanın mənafelərini müdafiə etmək.
Könüllü tibbi sığorta tarifləri
Maddə 15. Könüllü tibb sığorta sistemində tibbi xidmətlər üçün tariflər
Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığortaçı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya özəl tibbi praktika ilə məşğul olan şəxs) arasında razılaşmaya əsasən müəyyən edilir.
İcbari tibbi sığorta
Maddə 15-1. İcbari tibbi sığortanın əsas prinsipləri
15-1.0. İcbari tibbi sığortanın əsas prinsipləri aşağıdakılardır:
15-1.0.1. əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi;
15-1.0.2. sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi;
15-1.0.3. sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi;
15-1.0.4. sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması;
15-1.0.5. sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyi;
15-1.0.6. icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi.
Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar
15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
15-2.2. Sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:
15-2.2.1. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;
15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər;
15-2.2.3. mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir;
15-2.2.4. bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər.
15-2.3. Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Maddə 15-3. Tibb müəssisələrinin icbari tibbi sığortada iştirakı
15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər.
15-3.2. Tibb müəssisələrinin bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır.
İcbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri
Maddə 15-4. İcbari tibbi sığorta üzrə sığortaolunanların hüquq və vəzifələri
15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır:
15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək;
15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək;
15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək;
15-4.1.5. tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək;
15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək;
15-4.1.7. xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq;
15-4.1.8. sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
15-4.1.9. onları icbari tibbi sığorta etməyi, habelə sığorta haqqının tam həcmdə və vaxtında ödənilməsini sığortalıdan tələb etmək.
15-4.2. İcbari tibbi sığorta üzrə sığortaolunanların vəzifələri aşağıdakılardır:
15-4.2.1. tələb edildiyi təqdirdə sağlamlıq vəziyyətinin göstəriciləri haqqında ona məlum olan məlumatları tibb müəssisəsinə vermək;
15-4.2.2. tibb müəssisəsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmək.
Maddə 15-5. İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
15-5.1. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı hüquqları vardır:
15-5.1.1. sığortalıların (sığortaolunanların) qeydiyyatı və uçota alınması haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə etmək;
15-5.1.2. icbari tibbi sığorta sahəsində hüquqlarını və qanuni mənafelərini müdafiə etmək.
15-5.2. İcbari tibbi sığorta üzrə sığortalıların aşağıdakı vəzifələri vardır:
15-5.2.2. sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək.
Maddə 15-6. İcbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçot qaydası
15-6.1. Bu Qanunun 15-6.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla icbari tibbi sığorta üzrə sığortaolunanların fərdi uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
15-6.2. Bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci və 15-2.2.3-cü maddələrində nəzərdə tutulan sığortaolunanların uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır.
15-6.3. Sığortaolunanların fərdi uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-7. İcbari tibbi sığorta üzrə tibb müəssisəsinin hüquq və vəzifələri
15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:
15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;
15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb etmək;
15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək.
15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:
15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək;
15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;
15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq;
15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vermək;
15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;
15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək;
15-7.2.7. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək.
Maddə 15-8. İcbari tibbi sığorta üzrə sığortaçının hüquq və vəzifələri
15-8.1. İcbari tibbi sığorta sahəsində sığortaçının aşağıdakı hüquqları vardır:
15-8.1.1. icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirmək;
15-8.1.2. tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
15-8.1.3. xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin əlçatanlığına təminat vermək;
15-8.1.4. bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsi ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamaq;
15-8.1.5. bu Qanunla və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsidən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək.
15-8.2. İcbari tibbi sığorta sahəsində sığortaçının vəzifələri aşağıdakılardır:
15-8.2.1. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması üçün tədbirlər görmək;
15-8.2.2. icbari tibbi sığortanın müntəzəmliyinə dövlət təminatı üçün tədbirlər görmək;
15-8.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərə görə tibb müəssisəsinə sığorta ödənişini ödəmək;
15-8.2.4. sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;
15-8.2.5. sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;
15-8.2.6. icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarını yaratmaq və icbari tibbi sığorta vəsaitlərini idarə etmək;
15-8.2.7. sığortaolunanlara və sığortalılara icbari tibbi sığorta ilə bağlı ödənişsiz məlumat vermək.
İcbari tibbi sığortanın maliyyə təminatı
Maddə 15-9. İcbari tibbi sığortanın maliyyə mənbələri
15-9.1. İcbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:
15-9.1.1. sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;
15-9.1.3. subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;
15-9.1.4. icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;
15-9.1.6. müştərək maliyyələşmə məbləği
15-9.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada cəlb edilmiş borc;
15-9.1.9. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
15-9.1.10. bu Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;
15-9.1.11. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.
15-9.2. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş sığortalı tərəfindən bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 50 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları
15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:
15-10.1.1. bu Qanunun 15-2.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;
15-10.1.2. muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
15-10.1.3. bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;
15-10.1.4. bu Qanunun 15-2.2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
15-10.1.5. bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 48 faizi;
15-10.1.6. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
15-10.1.7. vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.
15-10.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması
15-11.1. Bu Qanunun 15-9.1.6-cı maddəsində göstərilən maliyyə mənbələri istisna olmaqla, icbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 16-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
15-11.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.5. Bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.6. Bu Qanunun 15-10.1.5-ci maddəsində nəzərdə tutulan sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.
15-11.7. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.
15-11.9. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
15-11.10. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun 15-10.1.5-ci maddəsində müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyirlər.
15-11.11. Bu Qanunun 15-11.10-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə hər ay üçün, lakin bir ildən çox olmamaq şərti ilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.
15-11.12. Bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.
İcbari tibbi sığortanın təşkili
Maddə 15-12. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin göstərilməsi qaydası
15-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir.
15-12.2. İlkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, sığorta haqları ödənilmədiyi hallarda xidmətlər zərfi çərçivəsində sığortaolunanlara tibbi xidmətlər onların öz vəsaiti hesabına göstərilir.
Maddə 15-13. İcbari tibbi sığorta şəhadətnaməsi
15-13.1. İcbari tibbi sığorta şəhadətnaməsi sığortaolunanın icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən istifadə hüququnu təsdiq edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində yaradılan elektron sənəddir.
15-13.2. İcbari tibbi sığorta şəhadətnaməsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-14. Sığorta limiti
Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, təqvim ili ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sığorta hadisələrinə görə verdiyi sığorta təminatının ümumi say həddi sığorta limitindən yuxarı ola bilməz.
Maddə 15-15. İcbari tibbi sığorta üzrə sığorta ödənişi
15-15.1. İlkin səhiyyə xidməti üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir.
15-15.2. Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-15.3. İlkin səhiyyə xidməti istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.
15-15.4. Sığorta ödənişlərinin həyata keçirilməsi şərtləri bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilə ilə müəyyən edilir.
Maddə 15-16. İcbari tibbi sığorta üzrə sığorta ödənişindən imtinanın əsasları
15-16.0. İcbari tibbi sığorta üzrə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilməsindən imtina edir:
15-16.0.1. xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsi ilə bağlı olduqda;
15-16.0.2. tələb mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;
15-16.0.3. sığortaolunanın özü tərəfindən bilavasitə ödənilməli olduğu halda sığorta haqqının bu Qanunda nəzərdə tutulan qaydada hər hansı bir hissəsi ödənilməmiş olduğu təqdirdə;
15-16.0.4. sığorta limiti tam olaraq istifadə olunduqda;
Maddə 15-17. Xidmətlər zərfinin tətbiqi dairəsi və strukturu
15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri əhatə edir.
15-17.2. Xidmətlər zərfi aşağıdakıları ehtiva edir:
15-17.2.1. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı;
15-17.2.2. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin tarifi;
15-17.2.3. müştərək maliyyələşmə məbləği;
15-17.2.4. sığorta limiti;
15-17.2.5. tibbi xidmətlərin göstərilməsi şərtləri.
15-17.3. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-17.4. Xidmətlər zərfi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Maddə 15-18. Müştərək maliyyələşmə məbləği
15-18.1. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir.
15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.
15-18.3. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur.
Maddə 15-19. Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə
Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-20. Subroqasiya hüququ
15-20.1. Bu Qanunun məqsədləri üçün subroqasiya hüququ sığortaolunan üçün sığorta ödənişi həyata keçirilmiş olduğu təqdirdə, sığortaolunana dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişin həyata keçirilməsini təşkil etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) istifadə etmək hüququdur.
Maddə 15-21. İcbari tibbi sığorta fondu
15-21.1. İcbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta fondunda cəmləşdirilir və aşağıdakı məqsədlər üçün istifadə edilir:
15-21.1.1. icbari tibbi sığorta ödənişlərinə;
15-21.1.2. sığorta ehtiyatlarının yaradılmasına;
15-21.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetmə və fəaliyyət xərclərinin (o cümlədən, saxlanma xərclərinin və işçilərin əməkhaqlarının) maliyyələşdirilməsinə (icbari tibbi sığorta fondunun gəlirlərinin 2 faizindən artıq olmamaqla);
15-21.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan digər məqsədlərə.
15-21.3. İcbari tibbi sığorta fondunun sərbəst vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yerli maliyyə bazarında investisiyaya yönəldilə bilər. İcbari tibbi sığorta fondunun vəsaitlərinin sərbəst vəsaitlərə aid edilməsi və həmin vəsaitlərlə investisiya əməliyyatlarının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
15-21.4. İlin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir. Bu vəsait xərclərin maliyyələşdirilməsinə yönəldilə bilər.
15-21.5. Bu Qanunun 15-21.1.2-ci maddəsində nəzərdə tutulan sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-23. İcbari tibbi sığorta üzrə tibbi xidmətlərin tarifləri
15-23.1. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tarifləri xidmətlər zərfi ilə müəyyən edilir.
15-23.2. İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-24. İcbari tibbi sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət
15-24.1. Bu Qanunun 15-2.2.1 – 15-2.2.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.
15-24.2. Bu Qanunun 15-24.1-ci maddəsində qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 15-25. İcbari tibbi sığorta üzrə uçot və hesabat
15-25.1. İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərə nəzarətin həyata keçirilməsi
Maddə 15-26. Tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət
15-26.1. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
15-26.2. İcbari tibbi sığorta çərçivəsində və bu Qanunun 15-19-cu maddəsində nəzərdə tutulan müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət tibbi-iqtisadi ekspertiza və tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilir.
15-26.3. Tibbi-iqtisadi ekspertiza göstərilmiş tibbi xidmətin müddətlərinin və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunu müəyyən edir. Tibbi-iqtisadi ekspertizanın aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər, ilkin tibbi sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-26.4. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, habelə ekspertizanı aparan ekspertlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-27. İcbari tibbi sığorta üzrə məlumat bazası
15-27.1. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icbari tibbi sığorta üzrə məlumat bazası (elektron informasiya ehtiyatı) yaradılır.
15-27.2. İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 15-28. İcbari tibbi sığorta üzrə göndəriş sisteminin tətbiqi
15-28.1. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin səhiyyə xidmətlərini göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.
15-28.2. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir.
15-28.3. İlkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
15-28.4. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Maddə 15-29. Gözləmə müddəti
Xidmətlər zərfində nəzərdə tutulduğu təqdirdə, xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsinə gözləmə müddəti tətbiq edilir. Gözləmə müddətinin tətbiq edildiyi tibbi xidmətlər və gözləmə müddətinin hesablanması qaydası xidmətlər zərfi ilə müəyyən edilir.
Yekun müddəaları
Maddə 16. Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti
16.1. Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının gizlədilməsi və ya ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
16.2. Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul olan şəxs könüllü tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar.
16.3. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər könüllü tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda könüllü sığortaçı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir.
16.4. Könüllü tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə sığortaçı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır.
16.5. Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Maddə 16-1. Sənədlərin saxlanması qaydası və müddəti
16-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb müəssisələri sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər.
16-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), tibb müəssisələri tərəfindən həyata keçirilən sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı beş il müddətində saxlamalıdırlar.
Maddə 16-2. İcbari tibbi sığortanın və dövlət proqramlarının qarşılıqlı əlaqəsi
Dövlət proqramları vasitəsilə maliyyələşən tibbi xidmət növlərinə icbari tibbi sığorta şamil edilmir.
Maddə 16-3. Cərimələrin və faizlərin istifadəsi qaydası
Bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən və faizlərdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 16-4. Keçid müddəaları
16-4.1. İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərti ilə mərhələli şəkildə tətbiq olunur.
16-4.2. Bu Qanunun 16-4.1-ci maddəsinə əsasən müəyyən edilmiş mərhələlərə uyğun olaraq, bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16-4.3. Bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. Bu maddənin məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada müəyyən edilir.
16-4.4. Bu Qanunun 15-9.1.6-cı, 15-10.1.2-ci, 15-10.1.3-cü, 15-10.1.4-cü, 15-10.1.6-cı, 15-17.2.3-cü, 15-18-ci maddələri, habelə müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2020-ci il aprelin 1-dən qüvvəyə minir.
16-4.5. Bu Qanunun 15-10.1.5-ci maddəsi 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
16-4.6. Bu Qanun (16-4.4-cü və 16-4.5-ci maddələrdə nəzərdə tutulan maddələr istisna olmaqla) 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.