Müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 28-i Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışında iştirak edib. Hesabata əsasən, bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət otaqları və digər otaqlardan ibarətdir, bütün otaqlar mebellə və kommunikasiya xətləri ilə təmin olunub.
Mod.gov.az-ın məlumatına görə, həmin gün hərbi hissələrdən birində qərargahın və təlim-məşq mərkəzinin yeni inzibati binaları istifadəyə verilib. Zakir Həsənova məruzə olunub ki, mərkəzdə xüsusi kompüter proqramları ilə təmin olunmuş avadanlıqlar və trenajorlar şəxsi heyətə bilik və bacarıqlarını yüksək səviyyədə saxlamağa, tapşırıqların yerinə yetirilməsi vərdişlərini təkmilləşdirməyə imkan verir.
Həmin gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə rəsmi təbrik yayan nazir qeyd edib ki, 2019-cu il Azərbaycan Ordusu üçün uğurlu olub: “İl ərzində Azərbaycan Ordusunun qoşun növləri cəlb edilməklə bir neçə genişmiqyaslı təlim, birlik və birləşmələrin iştirakı ilə 70-dən çox əməliyyat-taktiki və komanda-qərargah təlimi və məşqi keçirilib. Tədris ilində 15-dək briqada taktiki, 300-dən çox tabor (divizion) taktiki təlimi, eləcə də Hərbi Hava Qüvvələrində 80-dən artıq taktiki-uçuş, Hərbi Dəniz Qüvvələrində 6 gəmi-döyüş təlimi icra olunub.
Qoşunların yerləşdirilməsi sisteminin təkmilləşdirilməsi və müasir sosial-məişət infrastrukturuna malik hərbi şəhərciklərin yaradılması üzrə tədbirlərin yerinə yetirilməsi davam etdirilib. Hərbi hissələrdə müxtəlif təyinatlı 60-dək hərbi infrastruktur obyekti, bir yeni hərbi hospital kompleksi, hərbi qulluqçular üçün yaşayış binaları inşa edilib, ümumilikdə 200-dən artıq xidməti mənzil hərbi qulluqçuların istifadəsinə verilib, müxtəlif təyinatlı 26 hərbi infrastruktur obyekti təmir olunub”.
Dekabrın 29-da yayılan rəsmi məlumata əsasən, müdafiə naziri hərbi hissələrdə yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirak edib.
N hərbi hissəsinin yeni inşa edilən qərargahla tanış olan nazirə bildirilib ki, üçmərtəbəli bina 70-dən artıq xidməti və inzibati otaqdan ibarətdir, bütün otaqlar mebellə təmin olunub, bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.
Nazir başqa bir hərbi hissədə yeni inşa edilən ikimərtəbəli qərargaha və əsaslı təmirdən sonra istifadəyə verilən tibb məntəqəsinə də baş çəkib.