Dekabrın 27-si axşam bir qrup şəxs paytaxtın mərkəzində, o cümlədən Daxili İşlər Nazirliyinin binası yaxınlığında aksiya keçirərək inzibati həbsə məhkum edilmiş repçi Pərviz Quluzadəyə azadlıq tələbi irəli sürüb.
Polis əməkdaşları həmin şəxslərdən birini – bloqçu Mehman Hüseynovu Fəvvarələr meydanında saxlayaraq ərazidən uzaqlaşdırıb.
Bloqçunun dediyinə görə, onu polis avtomobilinə oturdub döyə-döyə, təhqir edə-edə Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə aparıblar və orada çöllükdə buraxıblar. “Amerikanın səsi” bildirir ki, Mehman Hüseynov jurnalistlərə hadisə barədə bunları deyib: “Polis əməkdaşları məni döyə-döyə avtomobilə mindirib şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Yerə yıxıb döyürdülər. Axırda çöllükdə atıb getdilər”.
Məlumata əsasən, bloqçu gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb. Mehman Hüseynov müayinədən keçib, polisin hərəkətindən şikayət edəcəyini bəyan edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə APA -ya deyib ki, polislərin Mehman Hüseynovu döyməsi barədə iddialar tamamilə əsassızdır: “Dekabrın 27-si gecə saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında toplaşaraq məhkəmə qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin azad olunması şüarları səsləndirib və ictimai asayişi pozmağa yönələn hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun döyülməsi barədə dedikləri tamamilə əsassızdır”.
“Paster” ləqəbli repçi Pərviz Quluzadə bu həftə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Pərviz Quluzadə dekabrın 26-da Binəqədi rayonunda narkotikin təsiri altında ictimai asayişin və ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edib və onu intizama çağıran polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb, buna görə tutulub.
Pərviz Quluzadənin yaxınları isə həbsi repçinin son günlərdə söylədiyi replərlə əlaqləndirir. Yaxınları iddia edirlər ki, həbsin səbəbi həmin replərdə səslənən siyasi fikirlərdir, Pərviz Quluzadə dekabrın 26-da deyil, daha əvvəl tutulub və bir müddət Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb.
2017-ci il yanvarın 9-da Mehman Hüseynov Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.
Eyni zamanda Mehman Hüseynov polislərin işgəncəsinə məruz qaldığı barədə Bakı Şəhər Prokurorluğuna şikayət edib və bununla bağlı cinayət işi başlanmasını istəyib. Prokurorluq Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı qənaətinə gəlib, ona görə də şikayəti əsassız sayaraq cinayət işinin başlanması tələbini rədd edib.
2017-ci ilin martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Məhkəmə həbs qərarını çıxararkən Bakı Şəhər Prokurorluğunun Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı barədə qərarına istinad edib.
2018-ci il dekabrın 26-da, həbsdə olduğu vaxt bloqçuya yeni cinayət işi açılıb. Rəsmi açıqlamaya görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib.
Yeni cinayət işi ölkə ictimaiyyətinin və dünya birliyinin etirazlarına səbəb olub. Bu etirazlardan və Mehman Hüseynovun prezident İlham Əliyevə müraciətindən sonra 2019-cu il yanvarın 22-də ikinci cinayət işinin icraatına xitam verilib.
Mehman Hüseynov martın 2-də ilk cinayət işi ilə kəsilmiş cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Bloqçu 2019-cu il dekabrın 23-də keçirilən seçkilərdə Bakının Qaraçuxur qəsəbəsində bələdiyyə üzvlüyünə namizəd olub. Rəsmi nəticələrə görə, o, bələdiyyə üzvü seçilməyib. Mehman Hüseynov isə bildirir ki, kifayət qədər səs toplayıb, amma səsvermənin nəticəsi saxtalaşdırılıb.
2020-ci il fevralın 9-da ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək. Mehman Hüseynov “Hərəkət” seçki blokunun 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədidir. Hərəkət” blokunda gənclər, siyasətçilər, vəkillər, jurnalistlər, ictimai fəallar təmsil olunur.